Pənah Hüseyn: “İqtidarla görüş faydalı oldu”

Pənah Hüseyn: “İqtidarla görüş faydalı oldu” “Bu şansdan istifadə etmək lazımdır”
Daxili siyasət
12 Fevral , 2015 14:15
Pənah Hüseyn: “İqtidarla görüş faydalı oldu”

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycanın müxalifət partiyaları hakimiyyət nümayəndələri ilə bu gün keçirilən görüşü faydalı və müsbət sayır.

Görüşdə iştirak edən Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn “Report”a açıqlamasında deyib ki, bu, əslində bir şansdır: “Bu şansdan istifadə etmək lazımdır”.

Əvvəlki görüşün müxalifət partiyalarının təşəbbüsü ilə reallaşdığını xatırladan P.Hüseyn deyib ki, hazırkı görüş Prezident Administrasiyasının təşəbbüsü ilə olub: “Burada ən mühüm olan görüş faktının özüdür. Mövqeyimiz ondan ibarət oldu ki, siyasi müxalif mövqedə heç bir dəyişiklik etmədən iqtidarla ümumi məsələlərlə bağlı əməkdaşlığa hazırıq. İstəyirik ki, hamı, o cümlədən AXCP dəvət olunsun. Bu məsələni də qaldırdıq. Seçki islahatı məsələsi də qaldırıldı. Məncə, bu görüş faydalı oldu”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da görüşü müsbət qiymətləndirdiyini bildirib: “Bu format ötən görüşün formatından fərqli oldu, yəni görüşə yeni partiyalar da qatılıb. Əsas istəyimiz də bundan ibarətdir ki, görüş geniş formatda keçirilsin. Əvvəlki görüşdə qaldırılan məsələlərin bir qismi həll edilib, bəzisi qismən həll olunub və həll edilməyəni də var. Bu cür görüşlər davam etdiriləcək”.

Xatırladaq ki, tərəflər arasında ilk görüş 2014-cü il dekabrın 13-də keçirilib.

Son xəbərlər

Orphus sistemi