Müsavat Partiyası mitinq keçirməkdən imtina edib

Müsavat Partiyası mitinq keçirməkdən imtina edib Razim Əmiraslanlı mitinq keçirmək niyyətlərinin olmadığını bildirib
Daxili siyasət
14 Aprel , 2015 17:16
Müsavat Partiyası mitinq keçirməkdən imtina edib

Bakı. 14 aprel. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Müsavat Partiyası tərəfindən aprelin 19-da planlaşdırılan yürüşün keçirilməsi ilə bağlı təşkilatçı Razim Əmiraslanlı ilə görüş keçirilib.

BŞİH-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə R.Əmiraslanlıya planlaşdırdıqları yürüşün ərazisi nəqliyyatın intensiv hərəkət etdiyi ərazi olduğundan yürüşdə iştirak etmək niyyəti olmayan vətəndaşların sərbəst hərəkətinin, eyni zamanda, nəqliyyat vasitələrinin iş ahənginin və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsində ciddi problemlərin yaranma ehtimalını nəzərə alaraq, yürüşün keçirilməsinin mümkün olmadığı bildirilib.

R.Əmiraslanlıya aprelin 19-da saat 15.00-dan 17.00-dək Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirilməsi təklif olunub.

O isə bildirib ki, mitinq keçirmək niyyətləri yoxdur.

Müsavat Partiyası Mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı isə "Report"a açıqlamasında mitinq təklifinə razılıq verməmələrinin səbəblərinə aydınlıq gətirib: "Biz mitinq deyil, yürüşün razılaşdırılması üçün müraciət etmişik. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi isə Müsavat Partiyasına mitinq keçirməyi təklif edir, biz isə imtina etmişik, yürüş keçirmək istəyirik. Bakı Şəhər İcra Hakimiyyəti on ildir ki, yürüş keçirilməsinə icazə vermir. Biz də istəyirik, yürüş keçirək". G.Aslanlı bildirib ki, BŞİH-dən yürüşlə bağlı rəsmi cavab verildikdən sonra partiya məsələni müzakirə edib, qərar verəcək. 

Son xəbərlər

Orphus sistemi