Partiya sədrləri Ağdamda İmarət qəbiristanlığını və I Şəhidlər xiyabanını ziyarət edib

Partiya sədrləri Ağdamda İmarət qəbiristanlığını və I Şəhidlər xiyabanını ziyarət edib Nümayəndə heyəti Ağdam Çörək muzeyinin dağıntıları ilə də tanış olub
Daxili siyasət
17 Mart , 2021 15:38
Partiya sədrləri Ağdamda İmarət qəbiristanlığını və I Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycandakı siyasi partiyaların rəhbərləri və bir sıra politoloqlar işğaldan azad olunmuş Ağdam şəhərində Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını ziyarət ediblər.

"Report"un xəbərinə görə, səfər iştirakçılarına məlumat verilib ki, qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, həmçinin İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşidbanu Natəvanın məzarları olub.

Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. 1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini, Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.

Bildirilib ki, vaxtilə "Qarabağ” futbol klubunun ev oyunlarını keçirdiyi “İmarət” stadionu da yağı düşmən tərəfindən dağıdılıb. Əvvəllər bu stadionda el şənlikləri, festivallar, incəsənət xadimlərinin konsertləri də təşkil edilərdi. Natəvanın yaxınlıqda ucaldılmış heykəlindən əsər-əlamət qalmayıb.

Nümayəndə heyəti Ağdam Çörək muzeyinin dağıntıları ilə də tanış olub. Bildirilib ki, dünyada ikinci hesab edilən bu muzey cəmi 9 il - 1983-cü ildən 1992-ci ilədək fəaliyyət göstərib. Muzeydə nadir eksponatlar - taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdı. Eksponatlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, əkinçilik alətlərindən (oraq, xış, taxıldöyən vərdənə və s.) bəhs edən müxtəlif dəyərli nümunələr olub.

Sonra siyasi partiya rəhbərləri və politoloqlar Ağdamın I Şəhidlər xiyabanını ziyarət ediblər. Məlumat verilib ki, burada I Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib.

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır. Ermənilər xislətlərinə uyğun olaraq, Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar.

Siyasi partiya rəhbərlərini və politoloqları Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edir.

Son xəbərlər

Orphus sistemi