Yuxarı

Partiya sədri: "Seçki ilə bağlı qərarı qurultayda verəcəyik"

Radikallardan və sol təmayüllü təşkilatlardan başqa, digər təşkilatlarla əməkdaşlıq etməyə hazırıq

Bakı. 28 yanvar. REPORT.AZ/ "Azərbaycanda siyasi partiyalar arasında birlik yoxdur. İnanmıram ki, bu il keçiriləcək parlament seçkilərində də vahid cəbhədən çıxış edə bilsinlər. Bu, əvvəlki seçkilərdə dəfələrlə sübut olunub".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib.

AMİP-in seçki ilə bağlı siyasi partiyalarla danışıqlar apardığını deyən Y.Bağırzadə bildirib ki, danışıqlar nəticəsiz yekunlaşacağı təqdirdə, partiya seçkidə təkbaşına iştirak edəcək: "AMİP sağ mərkəzçi partiyadır və beynəlxalq əlaqələri də güclüdür. Ona görə də seçkilərə ciddi hazırlaşırıq. 2010-cul ildə keçirilən parlament seçkilərində təkbaşına iştirak etdik. Amma partiyalarla razılığa gəldik ki, kimin namizədi harada güclüdürsə, orada ona dəstək verilsin. Bu model hazırda da mövcuddur. Partiyalarla əməkdaşlığın konturları müzakirə edilir. Danışıqlar mart-aprel aylarına qədər bitməlidir. Radikallardan və sol təmayüllü təşkilatlardan başqa, digər təşkilatlarla əməkdaşlıq etməyə hazırıq. Amma ola bilsin ki, bu seçkidə də təkbaşına iştirak edək. Bütün bunlar partiyanın kollegial qərarından asılı olacaq. Bu barədə qərar partiyanın bu il keçiriləcək qurultayında qəbul ediləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi