Prezident
Azadlıq Partiyasının sədri Əhməd Oruc Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin fəaliyyəti ilə bağlı “Report”a açıqlama verib.
Partiya sədri əvvəlcə xatırladıb ki, dövlət başçısının müvafiq sərəncamı ilə Azərbaycanda 2020-ci il “Könüllülər ili” elan olunub:
“Yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizənin dəstəklənməsi məqsədilə AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərirlər. Həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq, qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər. Könüllülər “Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkir, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərirlər. Bu baxımdan mən könüllülərin fəaliyyətini yüksək qiymətləndirirəm”.
Ə.Oruc həmçinin əlavə edib ki, könüllülər əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanmasında da böyük həvəslə iştirak edirlər: “Hesab edirəm ki, bu, çox yaxşı bir addımdır”.
