Bakı. 11 iyul. REPORT.AZ/ "Hamının başı pul qazanmağa qarışanda dövlətin taleyinə biganəlik də adi hal almağa başlayır. Millət var ki, nəsihətlə pisliklərdən uzaqlaşır, millət də var ki, nəsihəti sevməzlər, gözləyərlər ki, bir müsibət baş versin, sonra nəticə çıxarsınlar".
“Report” xəbər verir ki, bunu Böyük Qurtuluş Partiyasının sədri, deputat Fazil Mustafa özünün facebook profilində yazıb.
O qeyd edib ki, aylardır söylənilən, gözlənilənlər baş verdi: "Şəxsimizi söydülər, təhqir etdilər, şəkillərimizi zibil qabına yapışdırdılar. Dəstək vermələri bir yana, bir dövlət qurumundan maraqlanmadılar ki, niyə məsələnin ciddiliyi barədə gündəm yaradırsan?! Biz isə nə nəsihətdən, nə də müsibətdən nəticə çıxarana bənzəmirik. Anadolu türklərimizin deyimi var - "Pərşəmbənin gəlişi çərşənbədən bəllidir". İndi heç olmasa, ölkənin sağlam düşüncəli insanlarını, siyasi partiyaları, QHT-ləri, media quruluşlarını səfərbər edərək ölkəmiz üçün düşünülən bu ssenarini pozmağa çalışmalıyıq. Bu yalnız polisin, əsgərin, təhlükəsizlik qurumlarının işi olmamalıdır, bütün ictimai resursları, maarifçilik vasitələrini hərəkətə gətirməliyik. Allah Gəncədə xaricdəki mərkəzlər tərəfindən idarə olunan xurafatçı şəbəkə tərəfindən şəhid edilən polislərimizə rəhmət etsin".