Partiya funksionerləri: "Beynəlxalq arenada ermənilərin əsl simasını göstərməli, həqiqətləri dünyaya çatdırmalıyıq"

Partiya funksionerləri: "Beynəlxalq arenada ermənilərin əsl simasını göstərməli, həqiqətləri dünyaya çatdırmalıyıq" "Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərlərinin, o cümlədən ictimaiyyət nümayəndələrinin iştirakı ilə azad edilən ərazilərə təşkil olunan səfərlər xüsusi əhəmiyyət daşıyır və yadda qalan hadisələrlə zəngin olur".
Daxili siyasət
24 İyun , 2022 18:11
Partiya funksionerləri: Beynəlxalq arenada ermənilərin əsl simasını göstərməli, həqiqətləri dünyaya çatdırmalıyıq

"Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərlərinin, o cümlədən ictimaiyyət nümayəndələrinin iştirakı ilə azad edilən ərazilərə təşkil olunan səfərlər xüsusi əhəmiyyət daşıyır və yadda qalan hadisələrlə zəngin olur".

Bu fikirləri "Report"un Zəngilana ezam olunmuş əməkdaşına açıqlamasında Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, insanların azad edilən ərazilərdə olması və burada görülən işlərlə tanışlığı kifayət qədər önəmli məsələdir: "Biz bu gün “Böyük qayıdış”ın rəmzi olan rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsi ilə tanış olduq. Mən bura kənd deməzdim. Çünki burada yaradılan şərait belə qənaətə gəlməyə əsas verir. "Ağıllı kənd" infrastruktur layihəsi, binaların və məktəblərin tikilməsi və s. kimi hallara görə inşa olunan ən müasir yaşayış məskənlərindən biridir".

V.Rəhimzadə deyib ki, qısa müddət ərzində Zəngilanda avtomobil yollarının çəkilməsi, "Ağıllı kənd" layihəsinin baş tutması, dəmiryolu və s kimi infrastrukturların yaradılması möcüzəli hadisədir: "Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı da bu işlərə dəstək göstərməli və aparılan abadlıq-quruculuq işlərində fəal şəkildə iştirak etməlidir. İnsanlarımızın 30 il ərzində həsrət qaldığı torpaqlara tezliklə qovuşmasına hər birimiz öz töhfəmizi verməliyik".

Ağ Partiyanın sədri Tural Abbaslı isə bildirib ki, dünyada tərəflər arasında atəşkəs və sülh müqaviləsi imzalananda mina xəritələrinin təqdim edilməsi ilə bağlı qəbul olunmuş qayda var: "Bu, müharibənin bitməsinin göstəricisi və minaların mülki şəxslərə ziyan verməsinin qarşısını almaq üçündür. Təəssüflə qeyd etmək istərdim ki, Ermənistanın həm Qərb ölkələrinin, həm də Rusiyanın vasitəçiliyi ilə bizə təqdim etdiyi və qarşılığında da güzəştlər etdiyimiz xəritələri yanlış çıxdı. Prezident İlham Əliyevin verdiyi məlumatdan da məlum oldu ki, həmin xəritələrin cəmi 25 faizi həqiqidir. Bu, bir daha onu göstərir ki, Ermənistan sülh istəmir, hələ də müharibənin nəticələri ilə barışmayıb, sülh şəraitində yaşamaq və normal qonşuluq siyasəti yürütmək istəmir. Revanşist hisslərlə yaşayır və yenidən bu müharibəni davam etdirmək istəyirlər".

Onun sözlərinə görə, partiya və fərdi olaraq müxtəlif ölkələrin müxbirlərinə verdikləri müsahibələrdə bu barədə öz fikirlərini açıqlayır, sosial şəbəkələrdə belə mübarizəni davam etdirirlər: “Düşünürəm ki, səfirliklərimiz və konsulluqlarımız bu işləri fəal təşkil etməlidirlər. Biz beynəlxalq arenada ermənilərin əsl simasını göstərməli, Ermənistan haqqında həqiqətləri dünyaya çatdırmalıyıq”.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq iyunun 24-də işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarında səfərdə olub.

Son xəbərlər

Orphus sistemi