Parlament seçkiləri - 2020: Təşviqata novatorluq gətirən namizədlər - ARAŞDIRMA - FOTO - VİDEO

Parlament seçkiləri - 2020: Təşviqata novatorluq gətirən namizədlər - ARAŞDIRMA - FOTO - VİDEO Ölkədə həyata keçirilən islahatlar fonunda bu il Milli Məclisə keçiriləcək seçkilərə xeyli sayda gənc, cəmiyyətdə nüfuz qazanmış şəxslər qatılıblar. 1600-dən çox namizədin qeydiyyata alınması ölkə tarixinə artıq rekord göstərici kimi düşüb.
Daxili siyasət
19 Yanvar , 2020 16:26
Parlament seçkiləri - 2020: Təşviqata novatorluq gətirən namizədlər - ARAŞDIRMA - FOTO - VİDEO

Ölkədə həyata keçirilən islahatlar fonunda bu il Milli Məclisə keçiriləcək seçkilərə xeyli sayda gənc, cəmiyyətdə nüfuz qazanmış şəxslər qatılıblar. 1600-dən çox namizədin qeydiyyata alınması ölkə tarixinə artıq rekord göstərici kimi düşüb.

Yanvarın 17-dən etibarən başlamış seçkiqabağı təşviqat kampaniyası da əvvəlki seçkilərdə müşahidə etdiklərimizdən xeyli fərqlənir. Belə ki, namizədlərin həm sosial şəbəkələrin imkanlarından, həm digər rəqəmsal alətlərdən geniş istifadə etmələri seçki kampaniyasının ictimaiyyət tərəfindən daha maraqla qarşılanmasına səbəb olub.

“Report” apardıqları təşviqatla fərqlənən bir neçə müstəqil namizədin kampaniyasına nəzər salıb.

23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınan "CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadənin rəqəmsal platformalarda planlı şəkildə aktivlik həyata keçirdiyi görünür. Müasir vasitələrdən düzgün formada istifadə edən namizədlərdən biri kimi Zaur Darabzadə offlayn görüşlərlə yanaşı həmçinin rəqəmsal dünyada aktivliklə fərqlənib.

 

İlk növbədə qeyd edək ki, Z.Darabzadənin Milli Məclisə seçkilərlə əlaqədar internet səhifəsi yaradılıb. Saytda namizədin bioqrafiyası, seçicilərinə müraciəti, prioritet hesab etdiyi mövzular açıqlanıb, həmçinin iş və ictimai fəaliyyəti, aldığı mükafatlar barədə məlumatlar yerləşdirilib. Namizədin fəaliyyətində digər nəzərəçarpan xüsusiyyət komandasında PR və media sahəsində kifayət qədər seçilən simaların olmasıdır. Digər maraqlı cəhət Z.Darabzadənin sakinlərlə görüşlərində Murad Dadaşov, Tünzalə Ağayeva, Azər Qəribov, Emin Musəvi, Sənan Şəfizadə, Vaqif Cavadov, Xəyyam Nisanov, Abbas Bağırov kimi ictimaiyyət tərəfindən tanınmış şəxslərin iştirakı və ona dəstək verməsidir.

Araşdırma zamanı diqqət çəkən digər şəxs 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd, çoxlarının sığorta eksperti kimi tanıdığı Xəyal Məmmədxanlıdır.

İlk növbədə diqqətçəkən məqam onun təşviqat prosesinə olduqca ciddi yanaşması, qərargah seçimi, qərargahda peşəkar komandanın toplanması, qərargahın tanıdılması ilə bağlı apardığı işlər olub.

Təşviqat materiallarında istifadə olunan rəng çalarlarının ahəngi, minimalizm, dizayn elementləri də uğurlu hesab oluna bilər.

X.Məmmədxanlı seçki ilə bağlı xüsusi veb səhifəsini hazırlayıb. Saytda namizədin özü və platforması haqqında məlumat, seçicilərinə çağırışı, keçirdiyi görüşlərin xülasəsi, həmçinin kampaniyanın aparıldığı sosial hesablara keçidlər mövcuddur. Eyni zamanda sığorta eksperti olan namizəd www.9fevral.az domenini alaraq onu öz səhifəsinə yönləndirib.

73 saylı Lənkəran şəhər seçki dairəsindən namizədliyi qeydə alınan Yelena Eyvazlı (keçmiş jurnalist kimi mətbuatda Sidorenko soyadı ilə daha çox tanınıb) bölgələr üçün səciyyəvi olmayan seçki təbliğatına başlayıb. İmzatoplama mərhələsindən başlayaraq hər kəslə şəxsən tanış olan Y.Eyvazlının əsas məqsədinin Lənkəran ictimaiyyətində seçkilərlə bağlı ruh yüksəliyi, dəyişikliyə inam və ümid yaratmaq olduğu açıq-aydın görünür.

Sosial şəbəkə hesablarında da elektoratını əsas hədəf seçən namizəd məqsədinin insanlarla birə-bir ünsiyyət qurub öz platformasını çatdırmaqdan ibarət olduğunu nümayiş etdirir. Namizədin "facebook" səhifəsindəki şərhlərə nəzər saldıqda da bir çoxlarının cənub bölgəsi üçün ənənəvi olmayan bir simanın namizədliyinin qeydə alındığını vurğulayırlar. Nəzərə almaq lazımdır ki, Lənkəran üçün bir qadının, ümumiyyətlə, qeyri-lənkəranlının seçkiyə qatılmasi gözlənilməz hadisədir.

Milli Məclis seçkilərinə 26 saylı Sabunçu birinci seçki dairəsindən namizədliyini irəli sürən Sabir Məmmədov da seçicilərlə kommunikasiyanı müasir dövrün tələblərinə uyğun metodlarla aparmağa üstünlük verir.

Bir neçə il Çexiyada yaşayaraq biznes fəlaiyyəti ilə məşğul olmuş S.Məmmədovun öz seçki kampaniyasını Avropada tətbiq olunan müasir elementlər və texnologiyalarla apardığını müşahidə etmək olur. Belə ki, namizədin Bakıxanov qəsəbəsi ərazisində apardığı təbliğat işinin böyük hissəsi ənənəvi üsullardan fərqli olaraq rəqəmsal platformalar üzərindən qurulur.

Təbliğat marafonuna qalstuksuz qatılaraq seçiciləri ilə daha səmimi ünsiyyət qurulmasını hədəfləyən namizəd görüşdüyü elektoratın rəqəmsal platformalarda da qarşısına çıxmaq üçün onlayn paylaşımlarda xüsusi “targetinq”dən (müəyyən kriteriyalara uyğun gələn auiditoriyaya məzmun üzrə seçilmiş məlumatların çatdırılması) istifadə edir.

49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən namizədliyini irəli sürən PR mütəxxəsisi olan Nəsimi Paşayev seçki təşviqatının da əslində bir piar kampaniyası olduğunu əsas götürür.

Qəzet və televiziya reklamlarından imtina edən N.Paşayev rəqəmsal platformalarla iş üzrə komanda formalaşdırıb, seçki təbliğatı ilə bağlı internet saytını istifadəyə verib. "Facebook", "İnstagram", "Youtube" platformalarından başqa N.Paşayev informasiya saytlarında görüntülü reklamlar, həmçinin banner, press-relizlər yerləşdirməklə seçicilərinin diqqətini cəlb etməyi qarşısına məqsəd qoyub.

Bundan əlavə, namizəd çox zaman işlənilmiş metodların yeni tərtibatda həyata keçirilməsinə başlayıb. Belə ki, kampaniya çərçivəsində sloqanı, platforması, tərcümeyi-halı və digər məlumatlar olan hər bir ev üçün xüsusi bukletlər paylayıb.

Qeyd edək ki, seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-dək davam edəcək.

Azərbaycanda Milli Məclisə seçkilər bu il fevralın 9-na təyin olunub.

"Report" təşviqat kampaniyası zamanı fərqlənən namizədlərlə bağlı materialları davam etdirəcək...

Son xəbərlər

Orphus sistemi