PA təmsilçisi: "Azərbaycanda sosial-iqtisadi siyasət əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəlib"

PA təmsilçisi: "Azərbaycanda sosial-iqtisadi siyasət əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəlib" Sığorta-pensiya sistemində yığım hissəsinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyətinə dair konfrans keçirilib
Daxili siyasət
28 Oktyabr , 2015 11:23
PA təmsilçisi: Azərbaycanda sosial-iqtisadi siyasət əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəlib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Avropa İttifaqının birgə layihəsinin fəaliyyət planına uyğun olaraq konfrans keçirilib. "Report" xəbər verir ki, tədbirdə sığorta-pensiya sistemində əmək pensiyalarının yığım hissəsinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə normativ hüquqi sənəd layihələri müzakirə olunub.

DSMF sədri Elman Mehdiyev bildirib ki, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir: ""2014-2020-ci illərdə Azərbaycanda pensiya təminatı sisteminin islahatı Konsepsiyası"nda əlavə pensiya təminatı imkanlarının yaradılması məqsədilə könüllü sosial sığortanın tətbiqi pensiya islahatlarının əsas istiqamətlərindən biridir".

Sədr qeyd edib ki, könüllü sosial sığortalanma əsasında əmək pensiyalarının yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsi ilə bağlı nəzərdə tutulan islahatların həyata keçirilməsi mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən asılıdır: "Bu isə beynəlxalq təcrübə öyrənilməklə konseptual araşdırmaların aparılmasını zəruri edir".

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Fondda reallaşdırılan layihənin Azərbaycanın sığorta-pensiya sahəsində aparılan islahatlara öz töhfəsini verəcəyini bildirib.

Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs çıxışında əmək pensiyalarının yığım hissəsinin tətbiqi və qeyri-dövlət pensiya institutlarının inkişafının vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacağını qeyd edib.

Prezident Administrasiyasının Sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev çıxışında ölkədə reallaşdırılan sosial-iqtisadi siyasətin əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldiyini və bu sahənin mühüm istiqamətlərindən biri kimi pensiya təminatı sisteminin qabaqcıl dünya təcrübəsi əsasında yenidən qurulduğunu qeyd edib.

Tədbirin davamında layihə rəhbərləri layihə çərçivəsində görülən işlər, əldə olunan nəticələr barədə konfrans iştirakçılarını məlumatlandırıblar.

Son xəbərlər

Orphus sistemi