Övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar aradan qaldırılır

Övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar aradan qaldırılır Fevralın 9-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda növbəti iclası keçirilib
Daxili siyasət
215
9 Fevral , 2021 16:11
Övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar aradan qaldırılır
Hicran Hüseynova

Fevralın 9-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclası açan komitənin sədri Hicran Hüseynova bildirib ki, iclasın gündəliyinə 2 məsələ daxildir.

Bunlar Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihələridir.

Gündəlikdəki birinci məsələ barədə məlumat verən Hicran Hüseynova diqqətə çatdırıb ki, cənab Prezidentin 2018-ci ildə “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmana əsasən Ailə Məcəlləsinin övladlığa götürmə ilə bağlı müddəaları təkmilləşdirilmiş və bu sahədə xidmətlərin aparılması üçün elektron idarəetmə sistemi yaradılıb.

İndi təklif edilən dəyişikliklər isə övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə olacaq və əsas məqsəd uşaqların hüquq və maraqlarının qorunması, onların sağlam ailə mühitində böyüməsi üçün etibarlı zəmin yaratmaqdır. Dəyişikliyə görə, uşaqları övladlığa götürmək istəyən qohumları üçün övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar aradan qaldırılır.

Layihə barədə danışan komitənin sədr müavini Jalə Əliyeva, komitə üzvləri Sədaqət Vəliyeva, Könül Nurullayeva, Nigar Arpadarai, Ramin Məmmədov, Pərvin Kərimzadə dəyişikliklərin zamanın tələbinə uyğun və aktual olduğunu qeyd ediblər, layihə barədə təkliflərini diqqətə çatdırıblar.

Layihə birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

H.Hüseynova gündəliyin ikinci məsələsi barədə məlumat verərək bildirib ki, Mülki Prosessual Məcəlləyə təklif olunan dəyişiklik (birinci oxunuş) uyğunlaşdırma xarakteri daşıyır və qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir.

Bu qanun layihəsi də birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Bununla da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda növbəti iclası başa çatıb.

İclasda komitə üzvləri Rəşad Mahmudov, Tamam Cəfərova, Sevil Mikayılova və Rauf Əliyev də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi