Yuxarı
    Bağlamaq

    Oqtay Gülalıyevin KXCP sədrinin müavini vəzifəsindən azad edilməsinin səbəbləri məlum olub

    Sədr müavini partiyanı tənqid edib

    Bakı. 18 noyabr. REPORT.AZ/ Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun müavini Oqtay Gülalıyevin vəzifəsindən azad etməsinin səbəbləri məlum olub.

    "Report"un əldə etdiyi məlumata görə, O.Gülalıyevin müavinlikdən çıxarılmasına səbəb onun KXCP Ali Məclisinin sonuncu sessiyasındakı çıxışı olub.

    Belə ki, O.Gülalıyev çıxışında KXCP-nin siyasi kursunu sərt tənqid edib. O bildirib ki, partiyanın noyabrın 1-də keçirilən parlament seçkilərində iştirakı qeyri-məqbul qiymətləndirilməlidir: "KXCP rəhbərliyi deyirdi ki, deputatlığa namizədlər üçün 4 dəqiqəlik pulsuz efir vaxtından istifadə edib sözlərini deyəcəklər, seçkidə iştirak edib saxtakarlıqları üzə çıxaracaqlar. Bunların heç biri baş vermədi".

    O.Gülalıyev müxalifətin, o cümlədən KXCP-nin iqtidarla keçirdikləri görüşlərə, "Bakı-2015" I Avropa Oyunlarında iştirakına iradını bildirib.

    KXCP sədri Mirmahmud Mirəlioğlu isə çıxışında O.Gülalıyevin təmsil olunduğu Milli Şuranı tənqid edib. M.Mirəlioğlu bildirib ki, onun müavini Milli Şura kimi qurumda təmsil oluna bilməz. Partiya sədri bunu əsas gətirərək, O.Gülalıyevi müavinlikdən azad edib.

    O.Gülalıyev "Report"a açıqlamasında KXCP sədrinin müavinliyindən azad olunduğunu təsdiqləyib. O, sessiyada baş verənləri isə nə təsdiq, nə də təkzib edib.

    KXCP sədri M.Mirəlioğlu ilə əlaqə saxlamaq mümkün olmayıb.

    Qeyd edək ki, O.Gülalıyev Milli Şurada təmsil olunur və qurumun mətbuat xidmətinin rəhbəridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi