Yuxarı

Oqtay Əsədov AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib

Görüşdə bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb

Bakı. 2 mart. REPORT.AZ/ Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramuntu və Tadeuş İvinskini qəbul edib.

"Report" Milli Məclisin (MM) mətbuat xidmətinə istinadən xəbər verir ki, O.Əsədov Azərbaycanın AŞPA ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib: "Azərbaycanın qanunvericilik orqanı təşkilatın qurumları ilə sıx əlaqə saxlayır və gələcəkdə də faydalı əməkdaşlığı davam etdirmək niyyətindədir. Təşkilat qarşısında götürdüyümüz öhdəliklərə həmişə böyük məsuliyyətlə yanaşmış, qurumun konvensiyalarının əhəmiyyətli bir hissəsini imzalayaraq ratifikasiya etmişik. Bu sahədə işlər məqsədyönlü şəkildə davam etdirilməkdədir".

Spiker Tadeuş İvinskinin Azərbaycan üzrə həmməruzəçi təyin olunmasını müsbət dəyərləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bundan başqa, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ilə də görüşüblər.

Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, əməkdaşlığın daha da möhkəmləndirilməsi, insan hüquqlarına dair qanunverici bazanın zənginləşdirilməsi kimi qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Komitə sədrləri Əli Hüseynli və Rəbiyyət Aslanova AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərini maraqlandıran suallara aydınlıq gətiriblər.

Eyni zamanda, Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvləri Pedro Aqramunt (İspaniya) və Tadeuş İvinski (Polşa) ilə görüşüblər.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Tadeuş İvinskini Azərbaycan üzrə məruzəçi seçilməsi münasibəti ilə təbrik edib.

S.Seyidov bildirib ki, Avropa Şurası ilə əməkdaşlığın inkişafında maraqlı olan Azərbaycan təşkilat qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. O, Dağlıq Qarabağ münaqişəsi prosesindəki mövcud durum barədə qonaqlara ətraflı məlumat verib. 

Tadeuş İvinski səfər proqramı çərçivəsində keçirdikləri görüşlərin əhəmiyyətindən danışıb. O, Azərbaycanın Avropa Şurasındakı fəaliyyətini yüksək dəyərləndirib. Söhbətdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi