​Milli Şuranın üzvü: "Müsavat Partiyasının yürüşlə bağlı müraciəti öncədən hesablanmış məsələ idi"

​Milli Şuranın üzvü: "Müsavat Partiyasının yürüşlə bağlı müraciəti öncədən hesablanmış məsələ idi" "Partiyanın sosial şəbəkələrdə yürüşlə bağlı təbliğat kampaniyası aparmaması təəccüb doğururdu"
Daxili siyasət
20 Aprel , 2015 10:02
​Milli Şuranın üzvü: Müsavat Partiyasının yürüşlə bağlı müraciəti öncədən hesablanmış məsələ idi

Bakı. 20 aprel. REPORT.AZ/ "Müsavat Partiyası yürüş üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Hər kəs bilir ki, xeyli müddətdir, yürüşün keçirilməsinə icazə vermirlər. Bu yürüşə də icazə verilməyəcəyi öncədən bəlli idi. Ona görə partiyanın bu addımı səhv idi".

Bunu "Report"a açıqlamasında Milli Şuranın üzvü, Vətəndaş Həmrəliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı deyib.

Onun sözlərinə görə, Müsavat Partiyasının sosial şəbəkələrdə yürüşlə bağlı təbliğat kampaniyası aparmaması da təəccüb doğurub: "Sanki bu, əvvəlcədən razılaşdırılmış məsələ idi. Yəni, yürüşə icazə verilməsin, bunların da məsuliyyəti azalsın. Mənə elə gəlir, hesablanmış məsələ idi. Özləri də bilirlər ki, on ildir, yürüşə icazə vermirlər, buna baxmayaraq yürüş təyin edirlər".

R.Manaflı növbəti mitinqlərin təşkilində Milli Şura-Müsavat Partiyası anlaşmasını mümkünsüz hesab edirb: "Milli Şurada bir neçə partiya təmsil olunur. Vaxtilə Müsavat Partiyası da bu qurumda təmsil olunurdu. Hazırda isə Müsavat Milli Şurada təmsil olunmur, ona görə də bu iki qurumu eyniləşdirmək olmaz. Mitinqdə iştirak məsələsinə gəldikdə isə bu, xalqın aksiyasıdır, hansı partiya istəyirsə, iştirak edə bilər. Amma Müsavat Partiyasının mitinqlərin təşkilində Milli Şura ilə birgə olmasını qəbul etmirəm".

Milli Şuranın üzvü qeyd edib ki, mitinqlərdə insanların sayına diqqət edilməsi düzgün deyil: "Bu mitinqlərdə hər partiya öz gücünü ortaya qoyur. Onsuz da bu məsələdə partiyalar arasında o qədər böyük fərq yoxdur. Yaxşı bilirik ki, keçirilən aksiyalar ölkə gündəmini dəyişə bilməz. Sadəcə, ölkədə narazılığın olduğunu bu aksiyalar vasitəsilə diqqətə çatdırırıq".

Son xəbərlər

Orphus sistemi