Azər Ayxan: "Bilmirəm, Cəmil Həsənli ömrünün bu çağında niyə belə yalanlar danışır"
Azər Ayxan: "Bilmirəm, Cəmil Həsənli ömrünün bu çağında niyə belə yalanlar danışır""Qısqanclıq, Müsavata nifrət bu adamların içində o qədər güclüdür ki..."
Bakı. 15 iyun. REPORT.AZ/ "Elbəyi Həsənli İsveçrədə azərbaycanlılardan, xüsusilə də müsavatçılardan ibarət "Ocaq" Mədəniyyət Mərkəzinin sədri idi. O, İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı ilə bağlı yazdığı yazılara görə Rauf Arifoğlunun tövsiyəsi ilə həmin təşkilatdan uzaqlaşdı. Rauf bəy birmənalı şəkildə Elibəyi Həsənlinin Müsavat Partiyası, xüsusilə də İsa Qəmbərlə bağlı mövqeyini tənqid edib".
Bunu "Report"a açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan deyib.
O, Milli Şuranın sədri Cəmil Həsənlinin "Heç kimə sirr deyil ki, Elbəyi Həsənlini Müsavat Partiyasının üzərinə qaldıran Rauf Arifoğludur" iddialarına münasibət bildirərkən qeyd edib ki, qəzet bu məsələdə bütün tərəflərin mövqeyini dərc edir: "Elbəyi Həsənlinin Müsavat Partiyasına qarşı qaldırdığı mühacir məsələsi ilə bağlı deyə bilmərəm ki, biz təkcə onun mövqeyini vermirik, çalışırıq ki, bütün tərəflərin mövqeyi işıqlandırılsın. Burada əsas ağırlıq partiya funksionerlərinin mövqelərinə, çıxışlarına verilir. İnsan o qədər qərəzli olmalıdır ki, desin ki, Elbəyi Həsənlinin Müsavat Partiyasına hücumlarını Rauf Arifoğlu təşkil edir. Cəmil Həsənli məndən yaşca xeyli böyükdür. Aramızdakı münasibəti tapdalayıb, Cəmil müəllim haqqında hətta "yalan deyir" belə söyləməyi özümə yaraşdırmıram. Amma yalan xirtdəyə çıxanda istər-istəməz qarşındakının yalan dediyini söyləməyə məcbur qalırsan. Cəmil Həsənli ömrünün bu çağında niyə belə yalanlar danışır, bilmirəm. O, nə vaxtdan Müsavat Partiyasına canı yanan olub, nə vaxtdan Müsavata "Yüz illik ənənəsi olan partiya" deyib, isti münasibət göstərir? Yadınızdadırsa, Milli Şuranın mitinqlərindən birinə İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseyn qatılmışdı. Mitinqdə onların adlarını belə çəkmədilər. Tribunadan bir cümlə belə "İsa Qəmbər, Arif Hacılı burdadı" deyilmədi. Qısqanclıq, Müsavata nifrət bu adamların içində o qədər güclüdür ki... İndi Müsavat Partiyasını guya Rauf Arifoğlundan qoruyurlarmış kimi cəhdləri gülməli görünür".
A.Ayxan "Yeni Müsavat" qəzetində dərc edilən "Milli Şura Putinin "Molodes"ini qazana bildimi" başlıqlı yazısı ilə bağlı iddialara da aydınlıq gətirib: "Həmin yazı hakimiyyətə sərf edən yazı deyil. Milli Şura nə üçün Avropa Oyunlarını boykota çağıran bəyanat vermədi? Bu fürsəti hansı məntiqlə əldən verdi, iqtidara bu güzəştin arxasında nə dayana bilər? Ona başqa suallarım da var. Cəmil Həsənli izah etsin ki, 2002-2005-ci illərdə niyə Azərbaycan Xalq Cəbhəsi Partiyasını satıb Milli Məclisə getdi. O zaman partiyanın qəti qərarı vardı ki, seçilən deputatlar parlamentə getməsin".
Qeyd edək ki, Milli Şuranın sədri Cəmil Həsənli "Yeni Müsavat" qəzetini hakimiyyətlə əməkdaşlıqda ittiham edib.