Ombudsmanın regional mərkəzləri Zəfər Günü münasibətilə tədbirlər keçirib

Ombudsmanın regional mərkəzləri Zəfər Günü münasibətilə tədbirlər keçirib Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad, Şəki, Gəncə və Quba regional mərkəzləri tərəfindən Zəfər Gününə həsr edilmiş bir sıra tədbirlər təşkil edilib.
Daxili siyasət
8 Noyabr , 2021 23:20
Ombudsmanın regional mərkəzləri Zəfər Günü münasibətilə tədbirlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad, Şəki, Gəncə və Quba regional mərkəzləri tərəfindən Zəfər Gününə həsr edilmiş bir sıra tədbirlər təşkil edilib.

Ombudsman Aparatından "Report"a verilən məlumata görə, Ombudsmanın Cəlilabad Regional Mərkəzi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Şanlı qələbəmiz dövlətçilik tariximizin zəfər salnaməsidir” mövzusunda Cəlilabad şəhər 8 saylı humanitar və texniki fənlər təmayüllü məktəb-liseydə və Lənkəran rayonunun Girdəni kəndində tədbir keçirib. Tədbirlərdə müəllimlər, yuxarı sinif şagirdləri, Vətən müharibəsi iştirakçıları, qazilər və fəal gənclər iştirak ediblər.

Şəki Regional Mərkəzi tərəfindən Zəfər Günü ilə əlaqədar Qəbələ və İsmayıllı rayon Heydər Əliyev Mərkəzləri ilə birgə həmin rayonların müəssisə, idarə və təşkilatlarının əməkdaşlarının, Vətən müharibəsi iştirakçılarının və gənclərin iştirakı ilə “Zəfər yolumuz” mövzusunda videokonfrans keçirilib.

Ombudsmanın Gəncə Regional Mərkəzi isə Yevlax rayon Heydər Əliyev Mərkəzi ilə birgə “Şanlı tariximiz, Zəfər yolumuz” mövzusunda onlayn konfrans təşkil edib. Regional Mərkəzin rəhbəri Gəncə Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada şəhid ailələrinin nümayəndələrinin, qazilərin, şagirdlərin və müəllimlərin iştirakı ilə təşkil edilmiş tədbirdə iştirak edib.

Ombudsmanın Quba Regional Mərkəzinin, Xaçmaz Gənclər və İdman İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə videokonfrans rejimində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirlər keçirib.

Tədbirlərdə 2020-ci il sentyabrın 27-dən etibarən başlanmış və 44 gün davam etmiş hərbi əməliyyatlar nəticəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etməklə şərəfli bir missiyanı böyük qəhrəmanlıqla yerinə yetirdiyi qeyd edilib. Noyabrın 8-də Azərbaycan xalqı üçün böyük rəmzi məna daşıyan, Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsinin isə dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olduğu bildirilib. Vurğulanıb ki, dövlət suverenliyimizin rəmzi, qürur mənbəyimiz olan Azərbaycan bayrağı uzun illər düşmən tapdağı altında olmuş torpaqlarımızda bu gün qürurla dalğalanır.

Ombudsmanın regional mərkəzlərinin rəhbərləri çıxışlarında şəhid ailələri və qazilərin qayğılarının təsisat tərəfindən daim diqqətdə saxlanıldığını bildiriblər. Bundan başqa, Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Ombudsmanın fəaliyyəti barədə məlumat verilib.

Tədbirlərdə digər iştirakçılar da rəşadətli Azərbaycan ordusunun tarixi zəfəri barəsində fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi