Ombudsmanın əməkdaşları iki xəstəxanaya başçəkmə həyata keçirib

Ombudsmanın əməkdaşları iki xəstəxanaya başçəkmə həyata keçirib Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Gəncə və Şəki şəhərlərindəki psixiatriya xəstəxanalarına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmələr həyata keçirilib.
Daxili siyasət
11 İyun , 2020 11:03
Ombudsmanın əməkdaşları iki xəstəxanaya başçəkmə həyata keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Gəncə və Şəki şəhərlərindəki psixiatriya xəstəxanalarına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmələr həyata keçirilib.

Ombudsman Aparatından "Report"a bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakultativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil edilən başçəkmələrdə məqsəd yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi dövründə həmin müəssisələrdə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma səviyyəsi, tibbi-sosial xidmətlərə çıxış imkanları, pasiyentlərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmələr çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisələrin palata və şöbələrinə, görüş yerlərinə, yeməkxanalara, ərzaq anbarlarına və digər obyektlərə baxışlar keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, çatışmazlıqlar müəyyənləşdirilib.

Gəncə şəhər və Şəki rayon Psixatriya Xəstəxanaları Ombudsmanın təklifləri də nəzərə alınmaqla yeni binalara köçürülüb. Başçəkmələr zamanı koronavirus pandemiyası ilə əlaqədar sanitar-gigiyenik qaydalara diqqət yetirildiyi, əməkdaşların tibbi maskalarla təmin edildiyi, xəstələrdən və əməkdaşlardan test nümunələrinin götürüldüyü, mütəmadi olaraq dezinfeksiya tədbirlərinin davam etdirildiyi, sovqat qəbulu və görüşün müvəqqəti olaraq dayandırıldığı məlum olub.

Gəncə şəhər Psixatriya Xəstəxanası müasir tibbi avadanlıqlarla təchiz olunsa da, onların tətbiqi üçün ixtisaslı kadrlara (laborant, rentgenoloq, radioloq, terapevt, psixiatr və USM həkimi) ehtiyac var.

Şəki rayon Psixiatriya Xəstəxanasında ixtisaslı kadr və ştatların çatışmadığı müşahidə edilib.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla 18 may - 18 iyun tarixlərində respublikamızda Müvəkkilin təşəbbüsü ilə elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində BMT-nin “Psixi xəstələrin müdafiəsi və psixiatriya yardımının yaxşılaşdırılması prinsipləri”, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanunu əsasında hüquqi maarifləndirici söhbətlər aparılıb, koronavirus epidemiyasından qorunmaq üçün sosial məsafə saxlanılması və gigiyenanın nəzarətdə saxlanılması tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi