Yuxarı
    Bağlamaq

    Ombudsman Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar növbəti silsilə tədbirlər təşkil edib

    Tədbirlərdə Müvəkkilin Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bəyanatı səsləndirilib

    Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar olaraq, ay ərzində Bakıda və regionlarda silsilə tədbirlər təşkil edir.

    Ombudsman Aparatının mətbuar xidmətindən "Report"a verilən məlumata görə, Ombudsmanın Cəlilabad Regional Mərkəzi Cəlilabad şəhər 4 saylı tam orta məktəbdə,Tibb Məktəbində, adı çəkilən rayon Bələdiyyələri Əlaqələndirmə Şurasında “Xocalı soyqırımı beynəlxalq humanitar hüquq kontekstində” və “Xocalı soyqırımı - erməni vəhşiliyinin bəşəriyyətə sübutudur” mövzusunda tədbirlər keçirib. Tədbirlərdə geniş ictimaiyyətin nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

    Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışlar edərək bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı soyqırımından 25 il ötür. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

    1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir. Xocalı soyqırımı zamanı 613 nəfər insanın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib.

    Qeyd olunub ki, Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və işgəncələri ilə birmənalı olaraq, genosid faktıdırBelə ki, beynəlxalq hüquqa əsasən genosid ən ağır cinayətlərdəndir. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir. Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilib. Xocalı soyqırımı zamanı baş verən cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Azərbaycana qarşı təcavüz zamanı adı çəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunub.

    Ümummilli liderimiz Heydər Əliyevin Xocalı soyqırımının əsl mahiyyətini açıqladığı, hələ 1994-cü ilin fevralında Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyi diqqətə çatdırılıb.

    Prezident İlham Əliyevin hər zaman bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğuladığı, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan etdiyi bildirilib.

    Z.İsmayılov qeyd edib ki, Ombudsman Elmira Süleymanova tərəfindən hər il Xocalı soyqırımının ildönümü ərəfəsindənüfuzlu beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına bəyanat göndərərək, insan hüquqlarının kütləvi şəkildə pozulması ilə nəticələnmiş bu qanlı faciəni törədənlərin cəzalandırılması və hadisəyə hüquqi qiymət verilməsi tələb edilir.

    Tədbirlərdə Müvəkkilin Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bəyanatı səsləndirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi