Ombudsman Elmira Süleymanova Lənkəranda ictimai dinləmələr keçirib

Ombudsman Elmira Süleymanova Lənkəranda ictimai dinləmələr keçirib Tədbirdə rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanları, digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər
Daxili siyasət
12 İyul , 2016 19:16
Ombudsman Elmira Süleymanova Lənkəranda ictimai dinləmələr keçirib

Lənkəran. 12 iyul. REPORT.AZ/ İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Lənkəranda ictimai dinləmələr keçirib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanları, digər dövlət qurumları, bələdiyyə və dini icmalar, eləcə də ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının I müavini İlqar Dadaşov rayonda aparılan geniş quruculuq işlərindən, insan haqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən tədbirlərdən danışıb.

E.Süleymanova Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyəti üzrə məruzə edib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin mühüm xidmətləri, səyləri nəticəsində Azərbaycan demokratik inkişafa, insan hüquqlarının təmininə yönəlmiş dövlət quruculuğu yolu ilə inamla irəliləyərək, regionda həm iqtisadi, həm də siyasi cəhətdən lider dövlətə çevrilib. E.Süleymanova regionların sosial-iqtisadi inkişaf proqramının uğurla həyata keçirildiyini, bunun isə insan hüquqlarına birbaşa təsir göstərdiyini diqqətə çatdırıb.

İnsan hüquqları sahəsində ölkəmizdə qəbul olunmuş üç mühüm sənəd haqqında danışan Ombudsman dövlət müstəqilliyinin ilk illərindən iqtisadi və sosial sahələrlə yanaşı, Azərbaycanda həyata keçirilən hüquqi islahatlar haqqında da geniş məlumat verib. O, Milli Fəaliyyət Proqramının normativ-hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq, habelə sənədin həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsindən bəhs edən fəsilləri üzrə mövcud təcrübə əsasında geniş şəkildə fikirlərini bölüşüb.

Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə islahatların insan hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini vurğulayan Müvəkkil vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığı və keyfiyyəti, elektron xidmətlər, habelə bir çox problemlərin qarşısının alınması baxımından "ASAN xidmət" mərkəzlərinin və səyyar qruplarının uğurlu fəaliyyətini nümunə göstərməklə yüksək dəyərləndirib. E.Süleymanova ictimai dinləmələrin əsas əhəmiyyətini bir daha vurğulayaraq müzakirələr nəticəsində verilən təklif və tövsiyələrin ümumiləşdirilərək zəruri tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanlarına göndəriləcəyini bildirib.

Sonda Müvəkkil ona müraciət edən şəxsləri də fərdi şəkildə qəbul edib, qaldırılan məsələlər üzrə yerində araşdırma aparılaraq aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib, bəzi müraciətlər üzrə səlahiyyəti çərçivəsində tədbirlərin görülməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi