Yuxarı

Ombudsman DTX-nin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına baş çəkib

Ombudsmana müraciət edən şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından, müəssisədə saxlama şəraitindən şikayət etməyib

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

Aparatın mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, başçəkmədə məqsəd Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin, habelə müəssisədə saxlama şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.

Başçəkmə zamanı saxlanılma şəraiti ilə yanaşı, qidalanma, ərzaq təminatı araşdırılıb, bu məqsədlə həmin müəssisənin yeməkxanası və kameralarına baxış keçirilib.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı saxlanılan şəxslərlə təkbətək qaydada görüş keçirilib, müraciətləri dinlənilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, qanunvericiliyin tələbləri izah olunub və Ombudsmanın səlahiyyətləri çərçivəsində müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Ombudsmana müraciət edən şəxslərlə yanaşı qəbul edilən digər şəxslər də müəssisə əməkdaşlarının onlarla rəftarından, müəssisədə saxlama şəraitindən şikayət etməyib, keyfiyyətli qida, gəzinti və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Yekunda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi