"Biznes fəaliyyəti əhalinin hüquq və azadlıqlarının təmin olunmasında da əhəmiyyətli rol oynayır".
"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, sahibkarlıq sahəsində tənzimləmələrin qənaətbəxş olmaması və bu fəaliyyət zamanı məsuliyyətsiz davranış insan hüquqlarına neqativ təsirlə nəticələnə bilər:
"Biznesin insan hüquqlarına təsiri məsələləri olduqca həssas yanaşma tələb edir. Təsadüfi deyildir ki, qeyd olunan sahə beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə tədqiq olunmaqdadır, dövlətlərə və biznes strukturlarına insan hüquqlarına hörmət və riayət edilməsi, eləcə də bu sahədə əlaqəli fəaliyyət göstərmələrinə dair çağırışlar edilməkdədir".
Ombudsman diqqətə çatdırıb ki, BMT-nin “Qlobal Saziş"i biznes və insan hüquqlarına dair mühüm müddəaları nəzərdə tutan ən genişmiqyaslı təşəbbüslərdən hesab olunur. O bildirib ki, Azərbaycan da daxil olmaqla 160-dan çox ölkədən 15 mindən çox şirkət və təşkilatı özündə birləşdirir və sənəd insan hüquqlarının təmin olunmasını və korrupsiyaya qarşı mübarizəni də nəzərdə tutan 10 prinsipi özündə ehtiva edir:
"2011-ci ildə BMT tərəfindən qəbul edilən və qlobal təcrübə standartları hesab edilən “Biznes və insan hüquqları sahəsində rəhbər prinsiplər” dövlətlərin və şirkətlərin insan hüquqlarının təmin edilməsi üzrə vəzifələrini və məsuliyyətini, eləcə də hüquq müdafiə vasitələrinə çatımla bağlı mühüm prinsipləri müəyyən edir. Rəhbər prinsiplərin ölkələr tərəfindən implementasiyası istiqamətində zəruri işlər aparılmaqdadır. Almaniya, İngiltərə, Polşa, Pakistan, Yaponiya və digər ölkələrdə bu sahədə milli fəaliyyət planları hazırlanmış, Gürcüstan, Çin, Cənubi Koreya kimi dövlətlərdə isə insan hüquqları sahəsində mövcud olan milli fəaliyyət planlarına “Biznes və insan hüquqları” ilə bağlı bölmələr daxil edilib".