Notariat Palatasının sədri: “Hazırda bir sənədin notarial təsdiqinin qiyməti 3 manatdır”

Notariat Palatasının sədri: “Hazırda bir sənədin notarial təsdiqinin qiyməti 3 manatdır” “Dövlət rüsumu haqqında” qanuna edilən son dəyişikliyə görə, bir sənədin notariat təsdiqi üçün toplam məbləğ 3 manatdır
Daxili siyasət
5 Mart , 2021 12:18
Notariat Palatasının sədri: “Hazırda bir sənədin notarial təsdiqinin qiyməti 3 manatdır”

“Dövlət rüsumu haqqında” qanuna edilən son dəyişikliyə görə, bir sənədin notariat təsdiqinin qiyməti 3 manatdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov Ədliyyə Nazirliyinin feysbuk səhifəsində yayımlanan onlayn brifinqdə deyib.

O bildirib ki, dəyişiklikdən əvvəl sənədlərin surətinin təsdiqi üçün hər bir səhifə üçün 2 manat rüsum, 2 manat xidmət haqqı və hər səhifə üçün 1 manat əlavə ödəmə edilirdi: “Sadə qaydada desək, 1 səhifəlik sənədin təsdiqi üçün 5 manat pul ödənilməliydi. Hazırda isə bu notariat hərəkəti üçün 1.5 manat rüsum, 1.5 manat isə xidmət haqqı nəzərdə tutulub. Yəni hazırda bir sənədin təsdiqi üçün nəzərdə tutulan ümumi məbləğ cəmi 3 manatdır”.

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Dövlət reyesterləri idarəsinin rəisi Seymur İsmayılov isə bildirib ki, sənədlərin notarial təsdiqi vətəndaşların ən çox istifadə etdiyi xidmətlərdən biridir və vətəndaş məmnunluğunun artırılması məqsədilə müvafiq dəyişikliklər edilib: “Bundan başqa, qanunla notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun və haqqın tutulmasının xüsusiyyətləri müəyyənləşib. “Notariat haqqında” qanuna edilən dəyişikliyə əsasən, bu qanunun 29-cu maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, "Dövlət rüsumu haqqında" qanuna görə notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar tətbiq edilən hallarda xüsusi notariuslar tərəfindən bu haqq və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmayacaq. Yəni notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə sənədlərin surətlərinin təsdiqinə, habelə digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcısına keçirilərək təsdiqinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmayacaq”.

Qeyd edək ki, fevralın 27-də Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” və "Notariat haqqında" qanunlara dəyişikliyi təsdiqləyib. Dəyişiklik martın 1-dən qüvvəyə minib.

Son xəbərlər

Orphus sistemi