Nizami Cəfərov: "Bizim müğənnilərin səviyyəsi çox aşağıdır" - MÜSAHİBƏ

Nizami Cəfərov: "Bizim müğənnilərin səviyyəsi çox aşağıdır" - MÜSAHİBƏ "Dedi-qodu, ailə-məişət söhbətlərinin ictimailəşdirilməsi çox təhlükəli məqamlardır və qarşısı mütləq alınmalıdır"
Daxili siyasət
31 Avqust , 2015 11:16
Nizami Cəfərov: Bizim müğənnilərin səviyyəsi çox aşağıdır - MÜSAHİBƏ

"Nə normal ədəbi dildə danışa bilirlər, nə də danışdıqları sözlər mədəniyyət, incəsənət adamının və ya ziyalı insanın söyləyə biləcəyi fikirlərdir"

"Bunlar faktiki olaraq qanunsuz müraciətlər sayıla bilər, çünki deputatın işi başqadır"

"Bəziləri ola bilər ki, narkotik vasitələrdən də ləzzət alır, ona meyli var. Amma bu o demək deyil ki, kiminsə meyli varsa, narkotiki təbliğ edən verilişlər efirə verilməlidir"

Bakı. 31 avqust. REPORT.AZ/ Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Atatürk Mərkəzinin rəhbəri, professor Nizami Cəfərovun "Report"a müsahibəsi.

- Dördüncü çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatır. Beş ildə gördüyünüz işlərlə bağlı seçicilərinizə, özünüzə hesabat vermisinizmi? Bu müddətdə nə kimi işlər görə bilmisiniz?

- Mən üç dəfə deputat seçilmişəm və artıq on ildir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədriyəm. Deputat kimi gördüyüm işlər müxtəlif sahələri əhatə edir. Həm seçildiyim rayondan, həm də digər bölgələrdən çoxlu müraciətlər alıram. Bir problem də var ki, deputatlara olan müraciətlərin çoxu qanunla həll edilməsi mümkün olmayan işlərlə bağlı olur. Biz artıq bununla barışmışıq. Bəzən hansısa qurumlar vətəndaşı incidir, problemin həllini süründürməçiliyə salır və insanlar da ümid yeri kimi deputatlara üz tuturlar. Sevindirici haldır ki, son zamanlar belə müraciətlər azalıb. Çünki bizim dövlət orqanlarında artıq müəyyən qayda-qanun yaradılıb, vətəndaşların süründürməçiliklə üzləşməsi problemi demək olar ki, yoxdur. Bəzən görürsən ki, kimsə müraciət edir, xəstə olduğunu, müalicəsinin yalnız xaricdə mümkün olduğunu, amma getməyə imkanının olmadığını deyir, kömək istəyir. Belə adamlara kömək etməyə məcbursan.

Övladları ödənişli əsaslarla təhsil alan, amma təhsil haqqını verə bilməyən, yaxud gecikdirən vətəndaşlar problemin həli üçün müraciət edirlər. Həmin təhsil müəsissəsi ilə əlaqə saxlayıb bir az vaxt verməsini xahiş etməyə məcbur olursan. Bunlar faktiki olaraq qanunsuz müraciətlər sayıla bilər, çünki deputatın işi başqadır. Ona görə də belə müraciətlərin bir hissəsini həll etmək mümkün olur, digər hissəsini isə yox.

Bizim əsas işimiz isə Milli Məclisdə qanunvericilik bazası yaratmaqdır. Parlamentin Mədəniyyət Komitəsi on il ərzində xeyli qanun layihəsi, qəbul edilən qanunlara əlavə və dəyişikliklər hazırlayıb, onlar Milli Məclisdə qəbul edilib. Faktiki olaraq Mədəniyyət Komitəsində hazırlanan qanun layihələrinin böyük əksəriyyəti qəbul olunub. Daha çox qanunvericiliyə əlavə və dəyişikliklər üzərində işləyirik. Artıq bizim kifayət qədər mükəmməl qanunvericilik sistemimiz var. Bir də ictimai işlərdə, tədbirlərdə, iclaslarda, siyasi ideoloji proseslərdə iştirak edirik. Deputat kimi fəaliyyət göstərmək mənə imkan verir, meydan açır ki, təkcə yazı-pozu işi ilə məşğul olmayım, həm də mənim inamım olan işlərin həyata keçirilməsində iştirak edim. Bu həyat mənim üçün çox maraqlıdır. Çünki mən öz ixtisasımla məşğulam.

On beş ildir deputatsınız. Yenidən namizəd olmaq arzunuz varmı?

- Əlbəttə, seçilmək arzum həmişə var. Deputat kimi fəaliyyət göstərməkdən zövq alıram. Yəqin ki, hansısa icra orqanlarında bu qədər həvəslə, maraqla işləyə bilməzdim. Amma burda bir məsələ də var. Birinci və ya ikinci dəfə seçkidə iştirak etsəydim, seçilmək üçün müəyyən qədər cəhdlər də göstərərdim, o işi, bu işi görəcəyimə vəd verərdim. Artıq tanınandan sonra buna ehtiyac yoxdur. Xalq onsuz da bilir ki, Nizami Cəfərov nəyə qadirdir və hansı işləri görəcək. Heç vaxt deyə bilmərəm ki, əgər deputat seçilsəm, bu günə qədər gördüyüm işlərdən daha artığını görəcəm. Qarşıdan gələn parlament seçkisində namizəd olub-olmamağımla bağlı qərarı isə YAP verəcək. Seçilib-seçilməməyi isə xalq müəyyənləşdirəcək. Həmişə sonda sözü seçicilər deyir.

- Siz üç dəfə ard-arda deputat seçilmisiniz, 15 ildir Milli Məclisin üzvüsünüz. İndidən sonra neçə dəfə namizəd olmağı düşünürsünüz?

- Nə vaxta qədər məsləhət olsa, o zamanadək seçkidə iştirak edəcəm. Bu məndən asılı olan iş deyil. Allahın əlindədir, nə qədər ömür, güc verərsə işləyəcəm. İşləmək insanın təbiətində olan bir haldır. Gərək nə qədər gücün varsa işləyəsən. Mən də həmişə mümkün qədər çox iş görməyə çalışıram. 

- Nizami müəllim, neçə ildir Azərbaycanda soyad sonluqlarının dəyişdirilməsi məsələsi müzakirə olunur. Bununla bağlı bir yenilik varmı?

- Soyad sonluqları ilə bağlı AMEA-nın xüsusi komissiyası çalışır və çox mötəbər bir komissiyadır. Orada bütün məsələlər müzakirə edildi və məlum oldu ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizinin soyad sonluqları "ov", "yev"dir. Bu, iyirmi dörd illik müstəqillikdən sonra yaxşı göstərici deyil. Amma burada xalqımızın "ov", "yev"ə xüsusi məhəbbətindən söhbət getmir. Burada əsas məsələ texniki problemlərlə bağlıdır. Soyad sonluğunu dəyişmək üçün çoxlu sənədlər tələb olunur və olunmalıdır da. Çünki soyadını milliləşdirən vətəndaş artıq fərqli soyadla ortaya çıxır. İnsanlarımızın 10 faizə qədərində "lı, "li", "lu", "lü" soyad sonluqlarıdır, 10 faizə qədəri isə "zadə" ilə bitən soyadları daşıyırlar. Şəkilçisiz soyadlar isə çox cüzidir. Nazirlər Kabinetinə tövsiyələr verilib. Amma bu məsələ xeyli müddətdir yubanır. Hazırda bu məsələ ilə bağlı Ədliyyə Nazirliyində iş aparılır. 

- Məsələnin həlli niyə belə uzanır?

- Bu, qanunvericiliyə görə bir az çətin məsələdir və ölçülüb-biçilməlidir. Daha çox yeni doğulan körpələrin soyad sonluqlarının dəyişdirilməsi məsələsi nəzərdə tutulub. Artıq həmin soyadları daşıyanlar üçünsə qaydalar başqadır. Yeni doğulan uşağın heç bir orqan qarşısında öhdəliyi yoxdur, amma artıq bu soyadı daşıyanların öhdəlikləri var. Əslində, nəyin ki, soyad sonluğunu, hətta soyadı dəyişmək də mümkündür. Yəni kim istəyirsə soyadı Məmmədovdur, onu Əlili və ya Əlioğlu edə bilər. Bu, təkcə Azərbaycanda yox, bütün dünyada yaşayan azərbaycanlılara şamil edilir. Düzdür, qanun yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Çünki xaricdə yaşayan azərbaycanlıya heç bir təsir göstərə bilmərik. Amma tövsiyə edə bilərik. Yəqin ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq. Əsas odur ki, bu ideya var.

- Soyad sonluqlarını dəyişdikdən sonra bir sıra problemlər ortaya çıxır, əsasən də sənədlərlə bağlı. Bunu necə tənzimləmək olar?

- Bu istiqamətdə Ədliyyə Nazirliyi iş aparır. Düzdür, sənədlərlə bağlı çoxlu problemlər ortaya çıxır. Elə bu məsələnin gecikməsinin səbəblərindən biri də sənədlərlə bağlı ortaya çıxan problemlərdir. Bu problemləri qanunvericiliklə həll etmək və tənzimləmək olar.

- Siz bu məsələnin əsas təşəbbüskarlarından sayılırsınız. Niyə özünüz soyadınızı milliləşdirmirsiniz?

- Mən bunu hələ ki, nəvələrimə tətbiq etmişəm. Artıq mənim nəvələrim milli soyad sonluqlu soyadları daşıyırlar. Mən özüm də dəfələrlə düşünmüşəm ki, Cəfərovam, ya Cəfərli edim, ya da Cəfər. Əslində, mənim üçün heç bir fərqi yoxdur.

- Əgər fərqi yoxdursa, niyə dəyişmirsiz?

- Mən məqalələrimi, yazılarımı Cəfərov soyadı ilə yazmışam. Artıq yaşım keçib, bu soyadla tanınıram. Soyadımı dəyişmək mənə bir az çətin gəlir. 100-ə qədər sənədim var, hamısında da Cəfərov yazılıb. İndi bunu dəyişdirmək də var axı (gülür). Nə bilim, bir az birtəhər gəlir mənə. Amma yeni nəsil təbii ki, mütləq dəyişməlidir, soyadlarını milliləşdirməlidir.

- Yeni doğulan uşaqlara bəzi adların qoyulması da müsbət qarşılanmır. Sizcə, bunu valideynlərin öhdəsinə buraxmaq lazımdır, yoxsa hansısa formada inzibati tənzimləmə də olmalıdır?

- Bu məsələ ilə bağlı da komissiyanın tövsiyələri oldu. Bizdə 3 qrup ad var. Birinci qrup adlar tamamilə uyğun, müsbət adlardır. Məsələn, Anar, Elçin, Həsən, Hüseyn, Toğrul, Gunay, Günel - bunlar heç bir mübahisə doğurmur. İkinci qrup adlar məsləhət görülməyən adlardır. Amma valideyn istəsə, övladına qoya bilər. Məsələn, Həsənqulu, Hüseynqulu, Məmmədəli, Şirməmmədhüseyn. Üçüncü qrup adlar isə uşağa qoyulması yasaq olan adlardır. Məsələn, Hitler, Darvin, Biln Laden, Höte, Nyuton. Bundan başqa, uşağa təhrif olunmuş adlar qoymaq olmaz. Məsələn, İsfəndiyar adını kim istəsə, qoya bilər. Daha bunu götürüb İsbəndiyar, İsbənd, İsvəndiyar, İsvənd kimi təhrif etmək olmaz. Uşağa ad vermək valideynin səlahiyyətində olan məsələdir. Elə ailələr var ki, onlar uşaqlarına qeyri-normal adlar qoyurlar. Bu da adları rəsmiləşdirən, uşaqlara sənəd verən dövlət qurumlarının etirazına səbəb olur. Hər bir valideyn uşağına ad qoyan zaman öz zövqü ilə bərabər, həmin ada cəmiyyətin də münasibətini nəzərə almalıdır. Valideyn uşağına Xaşxanım adı qoyursa, gələcəkdə həmin uşaq cəmiyyət arasında utanacaq və öz adını dəyişəcək. Bu, mənəvi sahədir, mənəvi sahəni də qanunlarla idarə etmək çox çətindir.

- Azərbaycan televiziyalarında yayımlanan bir sıra verilişlər cəmiyyətin müəyyən təbəqələrinin narazılığına səbəb olur. Xüsusilə də şou verilişlər, kriminal xəbərlərin geniş yayımlanması. Bunun qarşısını qanunvericiliklə almaq olarmı?

- Hər hansı bir televiziya kanalı mənəvi dəyərlərə zidd olan veriliş verirsə, həmin kanal cəzalandırılmalıdır. Bunun üçün hüquqi mexanizmlər var. Bizdə bəzən bu tip verilişlər verilir. Bir söz deyəndə də televiziyanın rəhbərliyi bildirir ki, xalq bu verilişləri sevir və baxır. Bu tip verilişlər camaat üçün maraqlıdır. Amma bu, prinsip deyil. Bəziləri ola bilər ki, narkotik vasitələrdən də ləzzət alır, ona meyli var. Amma bu o demək deyil ki, kiminsə meyli varsa, efirə narkotiki təbliğ edən verilişlər verilməlidir. Axı əxlaq prinsipləri var ki, onlara əməl etmək lazımdır. Burada vacib məqamlardan biri cəmiyyətin intellektual qüvvələrinin bu məsələyə etirazlarını bildirməsidir. Ziyalılar buna mütləq etirazlarını bildirməlidirlər. İctimai rəy deyilən bir məfum var. Qanunlar var və həmin qanunlarla bu tip verilişlərin qarşısı alınmalıdır. Şou verilişlərində yüngül, gülünc doğuran hadisələrin baş verməsi peşəkarlığın olmamasından xəbər verir. 

Televiziyalarda bu gün ən çox çıxış edənlər müğənnilərdir. Baxırsan, Rusiya televiziyasında bir müğənni çıxış edir, elə bilirsən ki, filosofdur, mütəffəkkirdir. Bilik, savad hiss olunur, görürsən ki, ciddi problemlərdən danışır. Bizim müğənnilərin səviyyəsi çox aşağıdır. Nə normal ədəbi dildə danışa bilirlər, nə də danışdıqları sözlər mədəniyyət, incəsənət adamının və ya ziyalı insanın söyləyə biləcəyi fikirlərdir. Dedi-qodu, ailə-məişət söhbətlərinin ictimailəşdirilməsi çox təhlükəli məqamlardır və qarşısı mütləq alınmalıdır.

- Azərbaycan Yazıçılar Birliyinin işini necə qiymətləndirirsiniz? Bəzən deyirlər ki, Yazıçılar Birliyinə ehtiyac yoxdur. Bu qurum yaradıcı insanların gözləntilərini doğrulda bilirmi?

- Bir vaxtlar Azərbaycanda Yazıçılar Birliyi nazirlik səviyyəsində olan, yazıçıya, şairə şöhrət gətirən, stumul verən bir qurum idi. Amma müstəqillik dövründə vəziyyət dəyişdi. Hətta məsələ o həddə çatdı ki, Yazıçılar Birliyinə ehtiyac olub-olmaması müzakirə predmetinə çevrildi. İnsanlar sual verirdilər ki, Yazıçılar Birliyinə ehtiyac varmı? İstənilən məsələni müzakirəyə çıxarmaq olar, buna heç kim məhdudiyyət qoya bilməz. Amma Yazıçılar Birliyi haqda belə müzakirələri o qədər də məqbul saymırdım. Yazıçılar Birliyi bizə lazımdır. Təbii ki, SSRİ vaxtındakı kimi yox. İndi Yazıçılar Birliyindən maddi bir şey tələb etmək mümkün deyil. Yazıçılar Birliyi nə edə bilərsə, onu edir. Yazıçıların yubileyləri keçirilir, Yazıçılar Birliyinin orqanları olan "Azərbaycan", "Ulduz", "Ədəbiyyat" qəzetləri çap olunur. Düzdür, indi qonorarları azdır, bəzən çap edə bilmirlər. Hansısa yazıçıya mükafat və ordenlərin verilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə təkliflər verilir. Anar da respublikamızın ən böyük ziyalılarından biridir. Gənclər bəzən tənqid də edirlər, sataşmaq məqsədilə müəyyən sözlər də deyirlər. Təbii ki, onlar layiqli cavablarını alırlar. Mən düşünürəm ki, Yazıçılar Birliyinin fəaliyyəti normaldır. Yazıçılar Birliyi kiməsə təzyiq edən, kiməsə yazı yazmağı öyrədən deyil. 

- Azərbaycanda fəxri adın verilməsi proseduru necə tənzimlənir? Fəxri ad verilən insanın sənəti ilə yanaşı, şəxsiyyəti də nəzərə alınmalıdırmı?

- Bu da kifayət qədər mübahisəli məsələdir. İstənilən halda seçim mübahisələrə səbəb ola bilər. Hətta məsələ qaldırılmışdı ki, xalq yazıçısı, xalq şairi, xalq artisti, əməkdar artist adlarının verilməsi dayandırılsın. Bu gün də məsələ gündəmdədir. Qeyd edim ki, son zamanlar bu kimi adlar çox az verilir, ya da ümumiyyətlə verilmir. Düşünürəm ki, əslində verilməsə, daha yaxşıdır. Bu adların verilməsinin üstün cəhətləri də var və nəzərə almaq lazımdır ki, bu adları dövlət verir. Bu adları dövlətin verdiyini nəzərə alaraq, onda dövlət ideologiyasına xidmətə, dövlətçilik təfəkkürünə, dövlətə xidmətə görə verilməlidir. Elə insanlar ola bilər ki, sənətkar kimi güclüdür, amma dövlətçilik təfəkkürü yoxdur. Həmin insanlara bu adlar verilməsə yaxşıdır. Dövlət layiq olmayan adama heç vaxt bu adları verə bilməz. Axı, bunu cəmiyyətə də təqdim etmək var. Diqqət etsəniz, görərsiniz ki, son zamanlar adlar ölçülüb-biçildikdən sonra verilir. Amma dünya təcrübəsində daha çox belə adların əvəzinə, maddi mükafatlar, yaxud orden və medallar verilir. Ola bilər ki, gələcəkdə Azərbaycanda da fəxri adların əvəzinə ordenlər, maddi mükafatlar verilsin.

- Bəzi müğənnilər tez-tez şikayətlənirlər ki, dövlət tədbirlərində bizdən istifadə edirlər, amma dövlət bizə heç bir ad vermir. Sizin bu məsələyə münasibətiniz necədir?

- Düzdür, elələri də var, olub və həmişə də olacaq. Heç bir sənət adamına başa salmaq mümkün deyil ki, filankəs səndən istedadlıdır. Heç kəs öz ayranına turş deyəsi deyil. Hamı deyir ki, mən yaxşıyam. Bəlkə də onlar düz düşünürlər, mən heç nə deyə bilmərəm.

Məsələn, Azərbaycanın Vidadi Babanlı adlı çox gözəl yazıçısı var. Biz uşaqlıqdan onun əsərləri ilə böyümüşük. Çoxlu romanları, pyesləri, şeirləri olan 88 yaşlı bu insana hələ də xalq yazıçısı adı verilməyib.

- Siz Atatürk Mərkəzinin, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz. Haqqında çox danışılan türkdilli xalqların, dövlətlərin birliyi reallıqda varmı? Bu birliyin daha effektli olmasını əngəlləyən səbəblər hansılardır?

- Sovetlər birliyi dağılandan sonra türkdilli dövlətlərin birliyi artıq reallaşdı. Hazırda əlaqələr kifayət qədər genişdir, dövlət başçıları, parlament, ümumxalq səviyyəsində də əlaqələr get-gedə genişlənir. Həm iqtisadi, həm mədəni, həm də siyasi-ideoloji baxımdan əlaqələr sıxlaşır. Ardıcıl olaraq zirvə toplantıları keçirilirsə, Türkdilli Dövlətlərin Parlament Assambleyası varsa, deməli, qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Artıq bütün dünyaya məlumdur ki, Türk dünyası adlanan anlayış var və bu dünyanın da parçalanması heç bir zaman mümkün deyil. Təbii ki, maneələr də var, hətta dağıdıcı təsirlər də olur. Elə qüvvələr var ki, Türk dünyasının birləşməsini istəmir. Onlar bunu özlərinə qarşı təhlükə hesab edirlər.

- Özbəkistan və Türkmənistan niyə TürkPA-ya qoşulmur? Əgər qoşularlarsa, nə kimi dəyişikliklər baş verə bilər?

- Bu məsələ həmin dövlətlərin daxili işidir. Onların hər hansı siyasi qruplara qoşulmamaq kimi siyasətləri var. Artıq Türkmənistan TürkPA-ya yaxınlaşır, müzakirələrdə iştirak edir. Özbəkistanın isə Türkiyə ilə problemləri var. Hətta vəziyyət o yerə çatdı ki, Özbəkistan prezidenti Türkiyədə oxuyan özbək tələbələri geri çağırdı. Ümid edirik ki, bu problem də aradan qalxacaq.

- Ermənilərin Azərbaycana məxsus maddi və qeyri-maddi mədəniyyət nümunələrini, mətbəxi öz adlarına çıxmasının qarşısını necə almaq olar? 

- Burda belə bir məsələ var: hər bir millət, hər bir xalq başqa bir xalqın mədəniyyətini mənimsəyə və ondan istifadə edə bilər. Amma burda milli əxlaq məsələsi var. Əgər bunu mənimsəməyi bacarırsansa mənimsə, amma öz adına çıxartma. Axı mən necə deyə bilərəm ki, operanı Azərbaycan xalqı yaradıb. Amma bizim operanı milliləşdirməyimiz də faktdır. Üzeyir Hacıbəylinin operaları milli ruhda yazılan operalardır. Ermənilərdə o xüsusiyyət var ki, türklərə məxsus yeməklərdən tutmuş xalçaya qədər öz adlarına çıxırlar. Təbii ki, onlar çox gülünc vəziyyətə düşürlər. Necə olur ki, Ermənistanda qoyunçuluq inkişaf etmədiyi halda, xalçaçılıq inkişaf edir? Axı, xalça qoyun yunundan alınan saplardan hazırlanır. Ermənilər təsir altında olan xalqdır, təbii ki, türklərin mədəniyyətləri onların mədəniyyətlərinə də təsir edib. Onlar da bunu götürüb özününküləşdirməyə çalışırlar.  

Son xəbərlər

Orphus sistemi