Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti: "Nə qədər gücüm varsa, mən kənar təsirin qarşısında duracağam"

    İlham Əliyev: Biz gənclərimizi kənar təsirlərdən qorumalıyıq

    Bakı. 13 iyul. REPORT.AZ/ "Azərbaycan nümunəvi bir ölkədir. Onu Azərbaycana gələn hər bir qərəzsiz qonaq görür və etiraf edir. İstənilən sahədə - şəhərimizin gözəlliyi, təhlükəsizlik, iqtisadi inkişaf, sosial ədalət, din-dövlət münasibətləri, dinlərarası dialoq, imkanlarımız və Avropa Oyunlarının keçirilməsi bizim potensialımızı bütün dünyaya göstərdi". "Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında verdiyi iftar süfrəsində çıxışı zamanı deyib.

    Prezident bildirib ki, Azərbaycanın belə potensiala malik olduğu əvvəldən məlum idi: "Biz bilirdik ki, nəyə qadirik. Ancaq bəziləri bunu bilmək, görmək istəmirlər, ağa qara deyirlər, bizə şər, böhtan atırlar. Bizim heç kimlə işimiz yoxdur, öz həyatımızı qurmuşuq, heç kimə də heç bir məsələni diktə etmirik. Ancaq heç vaxt imkan vermərik ki, hansısa bir kənar qüvvə bizə diktə etsin. Biz müstəqil ölkəyik, ləyaqətli ölkəyik. Azərbaycan xalqının taleyi onun öz əlindədir. Ona görə Azərbaycana gələn qərəzsiz, xoşniyyətli insanlar bu reallıqları görürlər".

    Azərbaycan Prezidenti qeyd edib ki, ölkə daxilində bütün əsas məsələlər həll olunub: "Əlbəttə ki, sosial problemlər var, torpaqlarımız işğal altındadır, qaçqınların bir hissəsi hələ ki çox ağır vəziyyətdə yaşayır, ancaq onların problemləri həll olunur. Bu, qarşımızda duran problemlərdir, biz onları həll edəcəyik, o cümlədən Dağlıq Qarabağ məsələsi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Bunun başqa yolu yoxdur. Azərbaycan heç bir başqa variantla heç vaxt razılaşmayacaq.

    Ancaq biz digər sahələrdə, - sosial ədalət, iqtisadi inkişaf, dinlərarası dialoq, - artıq bütün lazımi tədbirləri görmüşük ki, bax, bu möhkəm təməl qurulub: "Biz istəyirik ki, dünyada da belə olsun. Biz istəyirik ki, ölkələr arasındakı əlaqələr əməkdaşlıq üzərində qurulsun. Rəqabət üzərində qurulmasın, xoş niyyət üzərində qurulsun. Biz öz işlərimizi bu istiqamətdə davam etdirəcəyik.

    Bir məsələni də vurğulamaq istəyirəm, milli, dini dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda, multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini, millətini sevən insan böyük hörmətə layiqdir. Eyni zamanda, başqa dinlərə hörmət edən, başqa millətdən olan insanlara hörmətlə yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gənclərimiz bax, bu ruhda tərbiyə olunmalıdır. Biz gənclərimizi kənar təsirlərdən qorumalıyıq. Kənar təsir cəhdləri var, biz hamımız bunu yaxşı bilirik. Nə qədər gücüm varsa mən bu kənar təsirin qarşısında duracağam və heç kimə imkan verməyəcəyəm ki, kimsə öz iradəsini Azərbaycana diktə etsin".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi