Ədliyyə Nazirliyi tərəfindən “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində bir sıra qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və sair müəyyən olunub.
“Report”un xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, “Siyasi partiyalar haqqında” Qanun qüvvəyə mindiyi tarixdən ötən müddətdə 31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verib. Bəyanatlarda bu qərarların verilməsi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə həyata keçirilən hərtərəfli uğurlu islahatlar, təşviq olunan siyasi dialoq, bərqərar olunmuş siyasi sabitlik və milli həmrəylik mühiti, həmçinin Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqələndirilib. Digər 27 siyasi partiya isə üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestrini Ədliyyə Nazirliyinə təqdim edib”.