Yuxarı

Nazir: "BMT-nin Uşaq Fondunun məcburi köçkün ailələrindən olan uşaqların problemlərinə diqqət yetirməsi vacibdir"

Elmar Məmmədyarov BMT-nin Uşaq Fondunun yeni təyin olunmuş nümayəndəsi ilə görüşüb

Bakı. 4 avqust. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Uşaq Fondunun (YUNİSEF) yeni təyin olunmuş nümayəndəsi Edvard Karvadini qəbul edib.

XİN-nin mətbuat xidmətindən "Report"a bildirilib ki, Edvard Karvadin təyinat məktubunu nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov yeni təyinatı münasibətilə Edvard Karvadini təbrik edərək Azərbaycanın müstəqilliyinin ilk illərindən BMT-nin Uşaq Fondu ilə faydalı əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. Nazir uşaqların hüquqlarının qorunmasının Azərbaycan Hökumətinin gündəliyində prioritet məsələlərdən biri olduğunu qeyd edərək, BMT-nin Uşaq Fondunun Azərbaycanda fəaliyyətində məcburi köçkün ailələrindən olan uşaqların problemlərinə xüsusi diqqət yetirməsinin vacibliyini vurğulayıb.

Görüş əsnasında Elmar Məmmədyarov Heydər Əliyev Fondunun və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin həyata keçirdiyi layihələr haqqında məlumat verib.

Edvard Karvadin Azərbaycanın uşaq və gənclər siyasəti sahəsində əsaslı irəliləyişlərə imza atdığını qeyd edərək, BMT-nin Uşaq Fondunun praktiki əsasda Azərbaycan tərəfi ilə qurulmuş əməkdaşlıqdan məmnun olduğunu söyləyib. O, BMT-nin Uşaq Fondunun 2016-2020-ci illəri əhatə edən ölkə üzrə yeni proqramının qəbul olunmasının gələcək əməkdaşlığın yeni perspektivlər müəyyən edəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi