Nazir: "Avropa Oyunları ərəfəsində alınan “BMW” və “Mercedes” markalı 837 xidməti avtomobil İslamiada zamanı da istifadə edildi"

Nazir: "Avropa Oyunları ərəfəsində alınan “BMW” və “Mercedes” markalı 837 xidməti avtomobil İslamiada zamanı da istifadə edildi" Ramil Usubov: "IV İslam Həmrəyliyi Oyunlarında, “Formula-1” Avropa Qran-pri yarışlarında asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunub"
Daxili siyasət
1 İyul , 2017 10:11
Nazir: Avropa Oyunları ərəfəsində alınan “BMW” və “Mercedes” markalı 837 xidməti avtomobil İslamiada zamanı da istifadə edildi

Bakı. 1 iyul. REPORT.AZ/ "I Avropa Oyunları ərəfəsində alınmış 3000 radiostansiya, 1000 metal detektor, 700 planşet, 500 bort-kompüter, 300 videoqeydiyyat qurğusu və 330 “İPatrol” mayak, habelə “BMW” və “Mercedes” markalı 837 xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə edilib".

"Report" xəbər verir ki, bunu daxili işlər naziri Ramil Usubov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Nazir xatırladıb ki, IV İslam Həmrəyliyi Oyunları ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb edilən daxili işlər orqanlarının fəaliyyətinin koordinasiyası məqsədilə 2017-ci ilin yanvar ayında Əməliyyat Qərargahı, habelə 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15 köməkçi qərargah yaradılıb: "Bütövlükdə, daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər oldu. Onlardan da 252-si qadın əməkdaşlarımız idi. Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin edilirdi. Yol hərəkətinin təşkili üzrə fəaliyyət çərçivəsində paytaxtda 8 mindən çox yeni yol nişanı və 35 işıqfor quraşdırıldı, küçə və yollarda 2,1 milyon poqonmetrdən çox cizgiləmə işləri aparıldı. Bundan əlavə, ictimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edildi. Hər bir stasionar metal detektorun qarşısında “üztanıma” funksiyasını yerinə yetirən 267 kamera quraşdırıldı. Asayişin qorunmasında iştirak edəcək əməkdaşların professional hazırlığının, o cümlədən etik davranış səviyyəsinin daha da yüksəldilməsi, əcnəbilərlə rahat ünsiyyət qurmaq bacarığına yiyələnməsi məqsədilə onlar üçün xüsusi treninqlər təşkil edildi.

Bu möhtəşəm beynəlxalq tədbirlə bağlı Prezidentin və “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın bütün tələb və tapşırıqları daxili işlər orqanları tərəfindən tam yerinə yetirildi, ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə qorundu".

R.Usubov qeyd edib ki, Azərbaycanın inkişafının, dünyada etiraf edilən sabit ölkə imicinin nəticəsi olaraq, artıq uzun illərdir ki, respublikamız ən mötəbər beynəlxalq tədbirlərlərə evsahibliyi edir: "Qeyd etdiyiniz beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində və keçirildiyi müddətdə dövlətimizin, şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ali diqqəti və təşkilatçılığı sayəsində genişmiqyaslı, möhtəşəm fəaliyyət ortaya qoyuldu. Bu, Azərbaycanın yaratdığı növbəti mükəmməl təşkilatçılıq modeli idi. Ümumiyyətlə, 2016-cı ildə və cari ilin ötən dövründə ölkəmizin müxtəlif yerlərində keçirilmiş 1200-ə yaxın kütləvi tədbirdə, habelə IV İslam Həmrəyliyi Oyunlarında, “Formula-1” Avropa Qran-pri yarışlarında asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunub".

Son xəbərlər

Orphus sistemi