Naxçıvanda bayram münasibətilə təşkil edilən “Novruz şəhərciyi” davam edir.
"Report"un yerli bürosu xəbər verir ki, bu il ilk dəfə olaraq Naxçıvan şəhərindəki “Əcəmi Seyrangahı” Mədəniyyət və İstirahət Kompleksində təşkil edilən “Novruz şəhərciyi”ndə xalq yaradıcılığı və folklor nümunələrimiz, milli musiqi və yallılarımız, rəngarəng konsert proqramları şənlik iştirakçılarında əsl bayram ovqatı yaradıb.
Şəhərcik ərazisində iaşə xidməti də təşkil olunub. Tədbir iştirakçılarına Naxçıvanın naz-nemətləri, o cümlədən milli mətbəx nümunələrimiz təklif edilir.
Uşaqlar üçün burada klounların iştirakı ilə müxtəlif əyləncəli oyunlar, yarışlar keçirilir. Həmçinin balacalar üçün açıq havada böyük ekranda cizgi filmi izləmək imkanı da yaradılıb.
Qeyd edək ki, "Novruz şəhərciyi" martın 27-dək hər gün saat 22:00-a qədər davam edəcək. Naxçıvanda fəaliyyət göstərən musiqi kollektivləri ilə yanaşı, ölkəmizin tanınmış ifaçılarının da konserti təqdim olunacaq.



















