"Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Qaydası" təsdiqlənib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın 4-cü hissəsinə uyğun olaraq yaradılmış Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə komissiyası tərəfindən həyata keçiriləcək.
Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən 5 gün müddətində həmin maddələr ibtidai araşdırmanı aparan orqan tərəfindən məhv edilməsi üçün Məhvetmə Komissiyasına təhvil veriləcək.
Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi üçün Məhvetmə Komissiyasına təhvil verilməsi zamanı videoçəkilişdən istifadə edilməklə protokol tərtib olunur. Protokol videoçəkilişi əks etdirən müvafiq məlumat daşıyıcısı ilə birlikdə cinayət təqibi ilə bağlı materiallara əlavə edilir.
Məhvetmə Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi üsulunu, yerini və vaxtını müəyyən edir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 131-1.4-cü maddəsində nəzərdə tutulmuş müddəti keçməmək şərtilə həmin maddələrin məhv edilməsini həyata keçirir.
Məhvetmə Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi üçün hazırlanması və məhv edilməsi prosesini 5 videoçəkilişdən istifadə etməklə həyata keçirir və bu barədə akt tərtib edir.
Məhvetmə Komissiyasının tərtib etdiyi aktda aşağıdakılar göstərilir:
1. aktın tərtib olunduğu yer və tarix;
2. məhvetmədə iştirak etmiş şəxslərin iş yeri, vəzifəsi, adı, atasının adı, soyadı;
3. məhvedilmənin əsası;
4. məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin adı, miqdarı, onların saxlanıldığı qab barədə məlumatlar;
5. məhvedilmə üsulu;
6. videoçəkilişdən istifadə və videoçəkilişi əks etdirən məlumat daşıyıcısının akta əlavə edilməsi barədə qeyd.
7. Akt məhvetmədə iştirak etmiş şəxslər tərəfindən imzalanır.
8. Aktın nüsxələri videoçəkilişi əks etdirən məlumat daşıyıcısı ilə birlikdə onu imzalamış hər bir şəxsə təqdim edilir və cinayət işinə əlavə edilməsi üçün ibtidai araşdırmanı aparan orqana, habelə məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhvetmə haqqında qərar qəbul etmiş məhkəməyə göndərilir.
9. Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, barəsində məhvetmə qərarı çıxarılmış narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin sonrakı istifadəyə verilməsi qadağandır.