Yuxarı

Nardaran ağsaqqalı: "Sizinlə fəxr edirik, qürur duyuruq, cənab Prezident"

Bütün Azərbaycan əhalisi kimi, Nardaran əhalisi də Sizin yürütdüyünüz siyasəti bəyənir

Bakı. 21 iyun. REPORT.AZ/ "Bu gün Nardaran qəsəbəsinin infrastrukturunun yenilənməsi işində çox əlamətdar bir gündür. Daxili yolların təmiri başa çatıb və biz bu gün birlikdə bu yolların açılışını qeyd edirik".

"Report"un məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşündə bildirib.

"Bir müddət bundan əvvəl Nardaran sakinləri mənə məktubla müraciət etmiş, qəsəbəyə dəvət etmişlər. Mən hesab etdim ki, əliboş gəlməyim. O vaxt gəlim ki, artıq bu yollar hazır olsun. Bu gün bu yollar açılır. Mən çox şadam ki, artıq bu yollar tam gözəl, yeni görkəm alıb. Həm Maştağa-Bilgəh yolu yenidən qurulub, həm də Nardaran qəsəbəsinin daxili yolları təmir olunub, genişlənib. Köçürülmüş binalar üçün lazımi səviyyədə kompensasiya verilib. Bu işlərdə qəsəbə sakinləri də iştirak edirlər. Yəni, bu, gözəl layihədir. Bu layihə göstərir ki, Azərbaycanın hər bir yeri, hər bir guşəsi, hər bir qəsəbəsi diqqət mərkəzindədir. Mən çalışıram Azərbaycanda elə bir qəsəbə qalmasın ki, onun infrastrukturu lazımi səviyyədə olmasın. O cümlədən Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı prosesi sürətlə gedir. Bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir. Qəsəbələrdə elektrik enerjisi, qaz, su təchizatı yaxşılaşır. Demək olar ki, bu infrastruktur layihələrinin böyük əksəriyyəti artıq həll olunub. O ki qaldı yol infrastrukturuna, əlbəttə ki, bu infrastruktur digər layihələrlə uzlaşmalıdır. Xüsusilə kanalizasiya xətlərinin çəkilişi ön planda olmalıdır ki, sonra yolların qazılmasına ehtiyac qalmasın.

Bakı bizim gözəl şəhərimizdir, dünyanın ən gözəl şəhərlərindən biridir. Əlbəttə ki, Bakıətrafı qəsəbələr də bu səviyyəyə yaxın olmalıdır. Ona görə, qəsəbədə yaşayan insanların şəraiti, iş yerləri, abadlıq işləri də öz həllini tapmalıdır və tapır. Əminəm ki, gələcək illərdə bu günə qədər həll olunmayan məsələlər də öz həllini tapacaq və bütün qəsəbələrdə daha da yaxşı şərait yaradılacaq", - deyə dövlət başçısı deyib.

Prezident İlham Əliyev qeyd edib ki, iş yerlərinin açılması prosesi daim getməlidir: "Son illərdə Azərbaycanda bu istiqamətdə böyük işlər görülüb, ancaq əhali artır. Bu da iqtisadi inkişafımızın təzahürüdür. Çünki insanlar daha da yaxşı yaşayır və beləliklə, demoqrafik vəziyyət yaxşılaşır. Ancaq, eyni zamanda, bu, yeni iş yerlərinin yaradılmasını tələb edir. Ölkə iqtisadiyyatı, sənaye istehsalı, bax, bu demoqrafik vəziyyətə uyğun şəkildə inkişaf etməlidir. Ona görə, iş yerlərinin yaradılması daimi prosesdir. Baxmayaraq ki, son illər ərzində bir milyondan artıq iş yeri yaradılıbdır, biz, əlbəttə, bu məsələni daim diqqət mərkəzində saxlamalıyıq. İş yerlərinin yaradılması investisiya tələb edir, dövlət, özəl sektor sərmayə qoymalıdır. Buna görə də biznes mühiti daha da yaxşı olmalıdır. Bu istiqamətdə son vaxtlar çox ciddi addımlar atılır, islahatlar dərinləşir və beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin edilir.

Ölkəmizin hər bir yerində quruculuq, abadlıq işləri aparılır. İctimai infrastruktur yaradılır - məktəblər, tibb mərkəzləri, ictimai binalar, parklar. Mən istəyirəm ki, hər bir yaşayış məntəqəsində çox gözəl şərait olsun, o cümlədən Nardaran qəsəbəsində. Son aylar ərzində görülən işlər göz qabağındadır. Buna heç bir şərh verməyə də ehtiyac yoxdur. Nardaran qədim yaşayış yeridir. Burada əsrlər boyu insanlar yaşayıb, yaradıb, dövlətçiliyə həmişə sadiq olublar. Bu qəsəbənin sakinlərinin rahat yaşaması üçün Azərbaycan dövləti hər şeyi edir".

"Mən bu gün xüsusilə Nardaran qəsəbəsinə gəlmişəm ki, bu mübarək Ramazan ayında sizinlə birlikdə olum, sizi, bütün Azərbaycan xalqını bir daha bu mübarək ay münasibətilə təbrik edim və bu gözəl yenilikləri biz birlikdə qeyd edək. Bundan sonra da daim yeniliklər olacaq. Bilməlisiniz ki, bu qəsəbənin problemləri digər qəsəbələrin problemləri kimi daim diqqət mərkəzindədir. Bu gün Bakıətrafı qəsəbələrdə həyata keçirilən infrastruktur layihələri bunu göstərir. Bütün qəsəbələrdə, harada ki, indi ehtiyac var, yol, su, kanalizasiya xətləri çəkilir, məktəblər tikilir, iş yerləri açılır. Bu proses daha da sürətlə getməlidir və gedəcək. Sizi bir daha salamlayıram, sizə uğurlar arzulayıram" - deyə dövlət başçısı vurğulayıb.

Göstərdiyi yüksək diqqət və qayğıya görə nardaranlılar adından Prezident İlham Əliyevə minnətdarlıq edən qəsəbə sakini Ağasəid Orucov deyib: 

"Möhtərəm cənab Prezident, qəsəbəmizə xoş gəlmisiniz. İcazə verin, bu mübarək günlərdə öz dəyərli vaxtınızı sərf edib bizimlə görüşə gəldiyinizə görə qəsəbəmizin əhalisi adından Sizə minnətdarlığımızı bildirim.

Cənab Prezident, ölkəmizin hər yerində olduğu kimi, bizim Nardaran qəsəbəsində də gördüyünüz kimi, böyük abadlıq-quruculuq işləri həyata keçirilib. Qəsəbəmizdə qaz, su, işıq barədə demək olar ki, heç bir problem qalmayıb".

Prezident İlham Əliyev: Həll olunub?

Ağasəid Orucov: Bəli, həll olunub. Dünyada iqtisadi-siyasi böhranın getdiyi bir dönəmdə ölkəmizin daxili və xarici siyasətində apardığınız uğurlu işlərin hamısını hər birimiz xatırlayırıq, hər birimizin bu barədə məlumatı var. Xüsusilə qeyd etmək istəyirəm ki, son vaxtlarda, yəni, aprel ayının əvvəllərində ordumuzun erməni işğalçılarına qarşı apardığı dörd günlük müharibədə Azərbaycan əsgərinin göstərdiyi şücaət, cənab Prezident, Sizin təbirinizcə desək, sübut etdi ki, Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var. Bizim təbirimizcə desək, həmin ordunun başında öz xalqını, Vətənini canından da artıq sevən Sizin kimi Ali Baş Komandanımız var, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ ol.

Ağasəid Orucov: Sizinlə fəxr edirik, qürur duyuruq, cənab Prezident. Sizin məhz qətiyyətli siyasətiniz nəticəsində Ermənistanın prezidenti son qısa müddət ərzində iki dəfə danışıqlar masası arxasında oturmağa məcbur oldu. Biz bunu dünən də hiss etdik, gördük. Bu yolda Sizə uğurlar arzu edirik. Cənab Prezident, Sizi əmin edirik ki, bütün Azərbaycan əhalisi kimi, Nardaran əhalisi də Sizin yürütdüyünüz siyasəti bəyənir, - bunu sözdə demirəm, həqiqətən də belədir, - dəstəkləyir və bu yolda Sizə uğurlar arzu edirik. İnanırıq ki, inşallah, Sizin rəhbərliyiniz ilə torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Bu mübarək Ramazan günlərində Sizə və ailənizə Ulu Tanrıdan cansağlığı, uzun ömür arzulayırıq. Allah Sizi qorusun, cənab Prezident.

Prezident İlham Əliyev: Çox sağ olun.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi