Müstəntiq: “Sumqayıt hadisələrindən əvvəl ermənilər Ermənistanla çoxsaylı telefon danışıqları aparıb, pul köçürmələri ediblər”

Müstəntiq: “Sumqayıt hadisələrindən əvvəl ermənilər Ermənistanla çoxsaylı telefon danışıqları aparıb, pul köçürmələri ediblər” Nadir Mirzəyev: “Sumqayıtdakı erməni müsiqiçilər əldə etdikləri pul vəsaitinin bir hissəsini “Krunk” cəmiyyətinə köçürürdülər”
Daxili siyasət
22 Fevral , 2018 10:35
Müstəntiq: “Sumqayıt hadisələrindən əvvəl ermənilər Ermənistanla çoxsaylı telefon danışıqları aparıb, pul köçürmələri ediblər”

Bakı. 22 fevral. REPORT.AZ/ “İstintaq zamanı müəyyən edilib ki, 27-29 fevral 1988-ci il tarixdə Sumqayıt şəhərində baş vermiş məlum hadisələrdə fəal iştirak edənlərdən biri dəfələrlə məhkum edilib, milliyətçə erməni Qriqoryan Eduard Robertoviç adlı Sumqayıt şəhər sakini olub. Eduard Qriqoryan öz ətrafında adamları çəmləşdirib onlara rəhbərlik edərək, “Ermənilərə ölüm”, “ardımca” və sair çağırışlarla özündə olan və əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumları həyata keçirib”.

“Report”un xəbərinə görə, bunu “Sumqayıt hadisələri” ilə bağlı yaradılan istintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında istintaq zamanı müəyyən edilən hallarla bağlı danışarkən deyib.

O bildirib ki, istintaq zamanı hücuma, zorakılığa və işgəncələrə məruz qalan erməni millətindən olan zərəçəkmişlər (Lyudmila və Karina Mejlumyan baçıları, Manvel Petrosyan və digərləri) göstəriblər ki, onların evlərinə hücum edənlərə rəhbərlik və göstəriş verən məhz Eduard Qriqoryan olub, orada olan insanlar onun göstəriş və əmrələrinə əsasən hərəkət ediblər: “İstintaq zamanı maraqlı bir fakt da üzə çıxıb. Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsi və zorlanmasına görə məhkum olmuş Eduard Qriqoryan 22 dekabr 1989-cu ildə hökm oxunduqdan sonra, o, SSRİ mövcud olduğu zamanı 26 avqust 1991-ci ildə Ermənistan Respublikası, Yerevan şəhər 1 saylı istintaq təcridxanasına köçürülüb. Ortaya sual çıxır ki, hansı dırnaq arası xidmətlərə görə Eduard Qriqoryan Ermənistana təhvil verilib? 09.02.2015-ci il tarixdə Eduard Qriqoryan 01 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib.

O qeyd edib ki, 1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından əmanətlər kütləvi şəkildə çıxarılıb: “Müəyyən edilib ki, 1988-ci ilin yanvar-fevral aylarında, yəni Sumqayıt şəhərində kütləvi iğtişaş baş verməmişdən əvvəl şəhərdə fəaliyyət göstərilən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143.064 rubl məbləğində əmanətlər götürülüb. İstintaqın gedişində həmçinin müəyyən edilib ki, 1988-ci ilin yanvar-fevral aylarında, yəni Sumqayıt şəhərində kütləvi iğtişaş baş verməmişdən əvvəl şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılıb, pul köçürmələri edilib”.

N.Mirzəyev deyib ki, istintaqla Sumqayıt şəhərində yaşayan ermənilərin böyük bir hissəsinin “Krunk” cəmiyyətinə pul vəsaitinin köçürülməsi müəyyən edilib: “Aparılmış istintaqla həmçinin müəyyən edilib ki, Sumqayıt şəhərində zərərçəkən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ Vilayətində fəaliyyət göstərən “Krunk” cəmiyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olublar. Belə ki, cinayətkar dəstə bir binaya, bloka daxil olaraq birinci mərtəbələrdə yerləşən erməni millətindən olan sakinlərin evlərinə daxil olmayaraq, yuxarı mərtəbələrdə yaşayan ermənilərin mənzillərinə hücum ediblər. Sonradan məlum olub ki, hücuma məruz qalmayan evlərin sahibləri “Krunk” cəmiyyətinə vaxtlı-vaxtında pul vəsaitləri köçürüblər. Şahidlərin ifadələri ilə müəyyən edilib ki, “Krunk” cəmiyyətinə pul köçürən ermənilərin evləri demək olar ki, hücuma məruz qalmayıb. Hətta müəyyən edilib ki, erməni millətindən olan müsiqiçilər toydan və digər tədbirlərdən əldə etdikləri pul vəsaitinin bir hissəsini “Krunk” cəmiyyətinə köçürürdülər”.

Son xəbərlər

Orphus sistemi