Müşfiq Cəfərov: "Milli varlığımız böyük təhdidlə qarşı-qarşıyadır"

Müşfiq Cəfərov: "Milli varlığımız böyük təhdidlə qarşı-qarşıyadır" Pandemiya ilə mübarizə hər ölkədə müxtəlif üsullarla aparılır. Hər bir dövlət mübarizə üsulunu xalqının psixologiyasına, etnik xüsusiyyətlərinə görə uyğunlaşdırdı. Son 3-4 aya nəzər salsaq, görərik ki, əslində dünyada hazırda eyni proseslər gedir.
Daxili siyasət
25 iyun 2020 11:12
Müşfiq Cəfərov: Milli varlığımız böyük təhdidlə qarşı-qarşıyadır

"Pandemiya ilə mübarizə hər ölkədə müxtəlif üsullarla aparılır. Hər bir dövlət mübarizə üsulunu xalqının psixologiyasına, etnik xüsusiyyətlərinə görə uyğunlaşdırdı. Son 3-4 aya nəzər salsaq, görərik ki, əslində dünyada hazırda eyni proseslər gedir".

"Report"un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, hər bir dövlət vətəndaşından mənəvi dəstək, həmrəylik gözləyir. Bu mənada ziyalılara, tanınmış simalara böyük iş düşür: "Dövlətin bu vəziyyətindən istifadə edib, xalqda çaşqınlıq yaratmaq əvəzinə xalqı həmrəyliyə dəvət etmək lazımdır. Həmfikir olmayan insanlar belə siyasi fəlsəfi görüş və düşüncələr arasındakı ziddiyətləri kənara qoyub, bütün gücünü, bacarığını bu mübarizəyə həsr etməlidir. Çünki səbəb çox sadədir: bir xalqın etnosunun, milli varlığının yox olma təhlükəsi var. Milli varlığımız böyük təhdidlə qarşı-qarşıyadır. İndi bir olub, fikir mübadiləsi aparmaq, təkliflər irəli sürmək vacibdir. Yetərincə xəstəxana aparatura, çarpayı olması dövlətin öhdəsinə düşür. Bütün bu vacib amillər təmin edilsə belə, həkim çatışmazlığı, kadr əskikliyi xəstəliklə mübarizəni çətinləşdirə bilər. Nəzərə alaq ki, biz bu mübarizədə çox savadlı həkimlərimizi itirdik". 

M.Cəfərov İtaliyadan misal çəkməyi də vacib sayıb: "Səhiyyə sisteminda dünya "10-luğ"unda 4-cü yerdə dayanan italya xalqının mübarizə yolunu xatırlayaq. Hökumət qadağa, qapanma, özünütəcrid qoyur, xalq isə tabe olmaqdan imtina edib, küçələrə axışırdı. Hətta yürüşlər keçirilirdi. Hökumət sərt qadağalara görə demokratlar tərəfindən tənqid edilir, dəstəklənmirdi. Bunun acı nəticələrini İtalya xalqı yaşadı".

Deputat vurğulayıb ki, hazırda ölüm sayına görə dünyada birinci yerdə gedən ABŞ da eyni proseslərdən keçib: "ABŞ-ın "Roll Call" informasiya saytının məlumatına görə, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Enton Fauci xalqın koronavirusa münasibətini qarışıq çanta adlandırıb. Həmin agentliyin verdiyi informasiyaya baxsaq, görərik ki, ABŞ prezidenti demokratların tənqidinə məruz qalır, pandemiya ilə bağlı saxta məlumatlar verməkdə ittiham olunurdu. Fauci paneldəki çıxışında da daha çətin günlərin qabaqda olduğunu və daha çox test həyata keçirməli olduqlarını söyləyir. O bildirir ki, dünyadakı xalqlar virusa tutulmamaq, təcrid olunmaq və xəstəliyin təsirini azaltmaq üçün daha çox çalışmalıdırlar. Faucinin fikrincə, vaksinin tapılması, onun tətbiqi kimi bütün proseslər vaxt aparacaq. O, bu müddətdə izolosiyanın vacibliyini qeyd edir".

M.Cəfərov dünyanın digər aparıcı dövlətlərindəki vəziyyətə də diqqət çəkib: "İngiltərə ölüm faktının çoxluğuna görə hazırda dünyada 3-cü yerdə durur. İngilislər postpandemiya dövründə iqtisadi tərəflərini düşünməyə və iqtisadiyyata dəyən zərəri qabarıq şəkildə təhlil etməyə başlayıblar. Həmçinin İspaniya da infeksiyanın şoku ilə maliyyə çöküşü yaşadıqlarını bəyan edib. Ümumiyyətlə, dünya ölkələrinin borc yükü artmaqda iqtisadiyyat isə çökməkdədir. Bu proseslərin təməlində vətəndaş-iqtidar birliyinin olmaması kimi qiymətləndirilir. "Worldometer"in məlumatına görə, pandemiyadan ən çox zərər çəkən ABŞ-da itki sayı 124 282 nəfərə çatıb. Dünya üzrə yoluxma isə artıq 9 milyon 555 min 762 nəfərdir".

Sonda deputat epidemioloqları narahat edən məsələyə toxunub: "Hələ də vaksinin tapılmaması və vaksin əldə olunsa belə, effektivliyi düşündürücüdür. Belə bir vəziyyətdə hələ də inam yoxdursa, bu, hökumətin deyil, artıq vətəndaşların informasiya axınında düzgün mövqe tuta bilməməsindəndir. İnformasiyanın sərbəstliyi və güclü axını belə kritik vəziyyətdə təhlükəli hala çevrildi. İnformasiya bolluğu və müxtəlifliyin çaşqınlığa səbəb olduğu açıq-aşkar görünür".

Son xəbərlər

Orphus sistemi