Bakı. 6 may. REPORT.AZ/ Müsavatın bir qrup üzvü Vurğun Əyyubun və digər tanınmış müsavatçıların partiyadan xaric edilməsinə etiraz olaraq partiyanın mərkəzi qərargahı qarşısında piket keçirib.
“Report”un əməkdaşı xəbər verir ki, aksiyada Müsavat Partiyasının üzvləri ilə yanaşı, partiyadan xaric edilən şəxslər də iştirak edib.
Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli və partiyanın sabiq üzvü Əlövsət Sadıqlı çıxışlarında Müsavat Partiyasının hazırkı rəhbərliyinin yürütdüyü siyasətdən narazılıqlarını ifadə ediblər. Piketdə tələb edilib ki, partiyadan kənarlaşdırılan üzvlər bərpa edilsin.
Aksiya iştirakçıları “Müsavat ailə partiyası deyil!”, “Növbədənkənar qurultay çağırılsın!”, “İstefa!” şüarları səsləndirib.
Piketin sonunda qətnamə oxunub.




