Yuxarı

​Müsavatdan xaric edilən bir neçə narazı şəxsin apellyasiya şikayətinə baxılıb

Məhkəmənin növbəti iclası iyulun 28-də keçiriləcək

Bakı. 14 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasından xaric edilən bir neçə narazı şəxsin şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb.

Bu barədə "Report"a Müsavat Partiyasını müdafiə edən vəkil Osman Kazımov məlumat verib.

O bildirib ki, məhkəmənin növbəti iclası iyulun 28-də keçiriləcək.

Qeyd edək ki, Müsavatdan xaric edilənlər partiyanın sonuncu qurultayının nəticələrinin ləğv edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Onlar müraciətdə partiyanın sonuncu qurultayında pozuntular olmasını iddia edərək nəticələrin ləğv olunmasını, yenidən qurultay çağırılmasını tələb ediblər. İddia ərizəsini Müsavat Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli, Müsavatın Suraxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli, partiyanın Zəngilan rayon təşkilatının sabiq sədri Rüfət Əliyev, partiyanın keçmiş üzvləri Əlövsət Sadıqlı, Zakir Hüseynov, Cahid İmanlı, Bakir Həsənov və başqaları imzalayıblar. Binəqədi Rayon Məhkəməsi narazıların iddialarını təmin etməyib. Apellyasiya Məhkəməsinə isə yalnız Əlövsət Sadıqlı, Zakir Hüseynov, Cahid İmanlı, Bakir Həsənov müraciət edib.

Müsavat rəhbərliyindən narazı olan şəxslər partiyadan xaric edilib, hazırda isə onlar partiya başqanlığına sabiq namizəd Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunurlar.

Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Müsavat rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da Müsavat Partiyasından istefa verərək Vahid Azərbaycan Partiyasına (VAP) qoşulub. Həmin təşkilatın qurultayında sədr seçilib. Qurultayda VAP-ın adı dəyişdirilərək Ağ Partiya adlandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi