Yuxarı

Müsavatda partiyanın təyin etdiyi aksiya ilə bağlı fikir ayrılığı yaranıb

Yürüşün yeri və zamanı ilə bağlı bəzi iradlarımı partiya rəhbərliyinə bildirəcəm

Bakı. 14 aprel. REPORT.AZ/ "Kütləvi etiraz aksiyalarının təşkili, formatı hər bir partiyanın daxili işidir. Müsavat Partiyası da aprelin 19-na yürüş təyin edibsə, deməli, bunu daha faydalı hesab edir. Amma düşünürəm ki, yürüşlə bağlı qərar verilərkən bəzi məsələlər nəzərə alınmayıb".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanlığına sabiq namizəd, partiyanın Mitinq Komitəsinin üzvü Tural Abbaslı deyib.

Təyin olunan aksiyanın yeri və zamanı ilə bağlı bəzi iradlarının olduğunu deyən T.Abbaslı bunu partiyanın rəhbər strukturları qarşısında səsləndirəcəyini bildirib: "Bunları mətbuata açıqlamaq istəmirəm. Amma partiyanın rəhbər strukturlarında səsləndirəcəm. Belə qərarlar kiminsə başqanlığı dövrünə yazılmır, ümumilikdə, bu, partiyanın tarixinə yazılır. Ona görə də hər hansı qərar qəbul edərkən, bu məsuliyyəti daha dərindən başa düşmək lazımdır. Taktiki addımlarla uzaq hədəfləri qurban vermək olmaz".

Qeyd edək ki, Müsavat Partiyası 19 aprel saat 16:00-a yürüş təyin edib. Yürüşün metronun "20 yanvar" stansiyasından Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionuna (keçmiş "Məhsul") qədər keçirilməsi planlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi