​Vəfa Cümşüdlü: "Müsavata qarşı fəaliyyət göstərənlərin namizədliyi təsdiqlənməyəcək"

​Vəfa Cümşüdlü: "Müsavata qarşı fəaliyyət göstərənlərin namizədliyi təsdiqlənməyəcək" "Elə münasibət sərgiləyirlər ki, ona nə siyasi aləmdə, nə də insanlıq səviyyəsində qiymət vermək olur"
Daxili siyasət
9 Aprel , 2015 17:16
​Vəfa Cümşüdlü: Müsavata qarşı fəaliyyət göstərənlərin namizədliyi təsdiqlənməyəcək

Bakı. 9 aprel. REPORT.AZ/ "Müsavatdan deputat seçilən şəxs partiyanın qərarlarını icra etməlidir. Amma bizdə deputat seçilən şəxslərin partiyanın qərarlarına tabe olmamaq praktikası var. Bunların olmaması üçün müəyyən qərarlar qəbul olunmalı idi. Məclisdə həmin məsələ qaldırıldı və həllini tapdı". Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Vəfa Cümşüdlü deyib. 

O bildirib ki, partiyadan namizədliyi irəli sürülən şəxslər öhdəlik götürməlidirlər: "Öhdəliyin qəbul edilməsində nə Nizamnamə, nə də insan haqları pozuntusuna yol verilib. Partiyaya qarşı fəaliyyət göstərənlərin namizədliklərinin irəli sürülməsi Məclis tərəfindən təsdiqlənməyəcək. Amma Məclisin qəbul etdiyi Təlimatı və öhdəliyi götürən şəxs partiyanın namizədi olacaq".

V.Cümşüdlü qeyd edib ki, Müsavat Partiyası fəaliyyətini hansısa hərəkatın və ya ayrı-ayrı şəxslərin fikirləri ilə formalaşdırmır: "Müsavat Partiyası oturuşmuş tarixi partiyadır. Partiyanın seçki siyasəti hər seçkidən-seçkiyə yenilənir. Təbii ki, bunlar Nizamnamə çərçivəsində aparılır. Bütün bunlar problemləri önləmək üçündür. Hansı düşərgədə olmasından asılı olmayaraq mübarizə insani münasibətlərlə tənzimlənməlidir. Çox təəssüflər olsun ki, bəzi dostlarımız elə münasibət sərgiləyirlər ki, ona nə siyasi aləmdə, nə də insanlıq səviyyəsində qiymət vermək olur. Xeyli müddət bir yerdə çiyin-çiyinə mübarizə apardığımız insanlar münasibətlərdə problemlər yaradırlar. Bu, xoşagələn hal deyil".

Xatırladaq ki, Müsavat Partiyası Məclisinin sonuncu toplantısında bu il keçiriləcək parlament seçkilərində partiyadan namizəd olmaq niyyəti olanlarla bağlı öhdəlik sənədi qəbul edilib. Həmin sənədə əsasən, namizədliyini irəli sürən şəxs partiya rəhbərliyinə rəsmi ərizə ilə müraciət etməli və partiyanın qərarlarına tabe olacağı ilə bağlı öhdəlik götürməlidir. 

Son xəbərlər

Orphus sistemi