​Müsavat rəhbərliyi Tural Abbaslının blok yaratmasına münasibət bildirib

​Müsavat rəhbərliyi Tural Abbaslının blok yaratmasına münasibət bildirib "Bu məsələdə heç kəsə, o cümlədən Tural Abbaslıya güzəşt olunmayacaq"
Daxili siyasət
24 Avqust , 2015 11:30
​Müsavat rəhbərliyi Tural Abbaslının blok yaratmasına münasibət bildirib

Bakı. 24 avqust. REPORT.AZ/ "Tural Abbaslının fəaliyyətində Müsavatın Nizamnaməsinə qarşı zidd məqamlar olacaqsa, partiya strukturlarında tədbir görüləcək. Bu məsələdə heç kəsə, o cümlədən Tural Abbaslıya güzəşt olunmayacaq".

Bunu "Report"a açıqlamasında Müsavatın Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı partiyanın başqanlığa sabiq namizədi Tural Abbaslının bu il keçiriləcək parlament seçkiləri ilə əlaqədar blok yaratmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, hər bir Müsavat üzvü parlament seçkilərində namizədliyinin irəli sürülməsi üçün partiya rəhbərliyinə müraciət etməli və öhdəlik götürməlidir: "Tural Abbaslı da bu cür etməlidir ki, namizədliyi partiyadan irəli sürülsün. Əks halda, parlament seçkilərində Müsavat Partiyasının namizədi kimi tanınmayacaq".

Müsavat başqanının müavini Elman Fəttah da "Report"a açıqlamasında deyib ki, Tural Abbaslının fəaliyyətinə Nizamnamə çərçivəsində baxılacaq: "Əslində, Tural Abbaslının blok yaratması maraq dairəmizdə deyil. Amma onun fəaliyyəti partiya Nizamnaməsi ilə ziddiyyət təşkil edərsə, bu məsələ müzakirə oluna bilər. Hələ ki onun hansı istiqamətdə fəaliyyət göstərəcəyi aydın deyil".

Xatırladaq ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da tərəfdarları ilə birlikdə “Ağ blok” yaratdığını elan edib. Avqustun 23-də blokun təsis konfransı keçirilib.

Son xəbərlər

Orphus sistemi