Yuxarı

​Müsavat Qadınlar Birliyinin sədri: "Arif Hacılı partiyada qayçılamaqla məşğuldur"

Arif Hacılıya qarşı çıxan hər bir adam partiyadan kənarlaşdırılır

Bakı. 4 fevral. REPORT.AZ/ "Müsavat Partiyasından getmək niyyətim yoxdur. Amma rəhbərlik məni və Qubad İbadoğlunu partiyadan çıxarmaq üçün zəmin hazırlayırlar. Partiyadan çıxarılacağamsa, sivil qaydada mübarizə aparacam".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Ellada Məmmədli deyib.

E.Məmmədli partiya Divanının son iclasında ona edilən xəbərbarlığı qəbul etmədiyini vurğulayıb: "Partiyadan mənə xəbərdarlıq olunması ilə bağlı heç bir rəsmi sənəd təqdim etməyiblər. Ona görə də, o xəbərdarlığı qəbul etmirəm. Divanın son iclasında mənə verilən suallardan bir şeyi anladım ki, seçim etməliyəm, ya Müsavat Partiyasını, ya da Azərbaycan Demokratiya və Rifah Hərəkatını seçməliyəm. Bu şərt əsassızdır. Çünki ADR ictimai hərəkatdır, siyasi iddiası yoxdur. Ümumiyyətlə, mənə qarşı kini və qərəzi olan adamlar var. Bu qərəz ona görədir ki, qurultayda Qubad İbadoğlunu dəstəkləmişəm, Arif Hacılıya səs verməmişəm. Qurultayda Arif Hacılının namizədliyinin protokolu təsdiq olunanda əleyhinə səs vermişəm".

E.Məmmədli əlavə edib ki, Arif Hacılıya qarşı çıxan hər bir adam partiyadan kənarlaşdırılır: "Bu, nə dərəcə düzgündür?! O deyir ki, hamıya qucaq açır. Bu necə olur? Dedikləri ilə əməlləri uyğun gəlmir axı. Təəssüflər olsun ki, Arif Hacılı qayçılamaqla məşğuldur. Bunu edir ki, ona qarşı çıxan adamlar partiyada qalmasın".

Qeyd edək ki, Müsavat Partiyasının Divanının son iclasında başqanlığa sabiq namizəd Qubad İbadoğluya və Qadınlar Təşkilatının sədri Ellada Məmmədliyə xəbərdarlıq olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi