"Partiya daxilində danışıqlar olmasa, istefa verəcəm"
Bakı. 2 dekabr. REPORT.AZ/ "Düşünürəm ki, partiya daxilində danışıqlara başlamaq lazımdır, barışıq olmalıdır. Əgər bu, mümkün olmazsa, istefa verəcəm".
Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli deyib. O, sabiq başqan İsa Qəmbərin partiyanın noyabrın 23-də keçirilən ümumrespublika müşavirəsindəki çıxışından məyus olduğunu qeyd edib: " Təşkilatımızdakı müsavatçılar xəyal qırıqlığına uğrayıblar. Noyabrın 23-də partiyanın ümumrespublika müşavirəsində iştirak etdik. Ümid edirdik ki, sabiq başqan partiyada baş verənlərə münasibət bildirəcək və hamını barışığa çağıracaq. Lakin ümidlərimiz puç oldu. İsa bəy çıxışının sonunda "Kim istəyir qalsın, istəməyənlərə də yaxşı yol" dedi. Bu, bizə təsir etdi. İllərdir ki, həyatımızı partiyanın yolunda qoymuşuq, amma bizə asanlıqla qapı göstərirlərsə, deməli, dəyər vermirlər. Bu çıxışdan sonra 3-4 nəfər istefa ərizəsini yazdı. Yenə də narazılar var. Proses bu cür davam edə bilməz. Çalışıram ki, üzvləri istefa qərarlarından çəkindirəm, onları qərarlarında tələsməməyə çağırıram, amma alınmır".
R.Dəmirli özünün də partiyadan istefa verəcəyini istisna etməyib: "Proseslərdən asılı olaraq, istefa verə bilərəm. Hər şey situasiyadan asılı olacaq. Hələki gözləyirik".