Müsavat Partiyasının başqanı: “Partiyamızda seçkiyə ciddi hazırlıqlar gedir” - ƏLAVƏ OLUNUB

Müsavat Partiyasının başqanı: “Partiyamızda seçkiyə ciddi hazırlıqlar gedir” - ƏLAVƏ OLUNUB İsa Qəmbər və Arif Hacılı da seçkidə namizəd kimi iştirak edəcək
Daxili siyasət
23 İyun , 2015 13:46
Müsavat Partiyasının başqanı: “Partiyamızda seçkiyə ciddi hazırlıqlar gedir” - ƏLAVƏ OLUNUB

Bakı. 23 iyun. REPORT.AZ/ Müsavat Partiyasının başqanı Arif Hacılı mətbuat konfransı keçirib.

“Report”un xəbərinə görə, A.Hacılı Brüssel səfəri çərçivəsində “Liberal demokratik perspektivdə Şərq Tərəfdaşlığının gələcəyi” mövzusunda keçirilən görüşlər barədə məlumat verib. O deyib ki, keçirdiyi görüşlərdə Müsavat Partiyasının mövqeyini açıqlayıb: “Bu görüşlər kifayət qədər əhəmiyyətli oldu. Bir sıra partiyalarla, o cümlədən, Rusiyanın “Yabloko” Partiyasının nümayəndələri ilə əməkdaşlıq və müttəfiqlik istiqamətində müzakirələr apardıq”.

Müsavat Partiyasının başqanı bildirib ki, məhz Avropa Oyunları ərəfəsində Azərbaycanda əfv sərəncamının imzalanması müsbət amil kimi qiymətləndirilə bilər: “Hesab edirəm ki, Avropa Oyunlarının bağlanışına bir neçə gün qalıb, əfv fərmanı imzalana bilər. Hələ gec deyil. Bu il Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə əfv imzalana bilər. Bu gün münasibətilə əfv olacaqsa, bu, ölkənin imicinə müsbət təsir edəcək. Mən özüm də 2012-ci ildə məhz Silahlı Qüvvələr Günündə imzalanan əfv sərəncamı ilə azadlığa buraxılmışam”.

A.Hacılı bildirib ki, Avropaya səfəri çərçivəsində mühacir müsavatçılarla görüşüb, müzakirələr aparıb: “Müsavat Partiyasının mühacirləri Brüssel şəhərinə toplaşmışdılar. Mən sevinirəm ki, Avropada mühacir qrupları formalaşır. Bilirsiz ki, Müsavat Partiyasının mühacirlərlə bağlı Koordinasiya Mərkəzi yaradıldı. Bu Mərkəz onların təşkilatlanmasına xidmət edəcək”.

O deyib ki, Müsavat Partiyası bu il keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir: “Partiyada ciddi hazırlıqlar gedir. Artıq 80-ə yaxın namizədimiz müəyyənləşib”

A.Hacılı bildirib ki, partiyanın namizədləri Məclisin növbəti iclaslarının birində təsdiq ediləcək: “Müsavat Məclisinin növbəti toplantısı iyulun 4-də keçiriləcək. Ola bilsin ki, bu iclasda deyil, növbəti iclasların birində təsdiq ediləcək. Çünki hələ seçkilərə müəyyən qədər vaxt var”.
A.Hacılı bildirib ki, özünün və sabiq başqan İsa Qəmbərin seçkilərdə iştirakı ilə bağlı da müzakirələr aparılır: “Bir neçə dairə var ki, namizədliyimizin həmin dairələrdən verilməsi ilə bağlı düşünürük. Hər halda, Müsavat Partiyası seçkidə iştirak edəcəksə, onun başqanı da seçkiyə qatılacaq”

Son xəbərlər

Orphus sistemi