Yuxarı

Vətəndaş müraciətlərinə baxılmasında nöqsanlara yol verən 34 ədliyyə işçisi ciddi məsuliyyətə cəlb olunub

İllik məruzə Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq

Bakı. 26 fevral. REPORT.AZ/ Vətəndaş müraciətlərinə baxılmasında nöqsanlara yol verdiyinə görə 34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub. "Report"un məlumatına görə, bu barədə "Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində bildirilir.

Məruzədə qeyd olunub ki, pozuntulara yol verən 388 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, aşkar edilən hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar hüquqi qiymət verilməsi üçün 65 material prokurorluğa göndərilib.

İcra məmurlarının öz səlahiyyətlərindən yetərincə istifadə etmədiyi, borclunun axtarışı ilə bağlı tədbirlər görmədən, işi icra edilmədən məhkəməyə qaytardığı hallar da hüquqların pozulmasına səbəb olub. Bəzi icra məmurlarının öz vəzifələrinin icrasına qeyri-peşəkar və laqeyd münasibəti də hüquqların pozulması ilə nəticələnib.

Eyni zamanda, bəzi icra qurumlarının fəaliyyətində aşkar olunan ciddi nöqsanlara görə 35 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, onlardan 2-si ədliyyə orqanlarından xaric olunub, 3 nəfər isə tutduğu vəzifəsindən azad edilib.

Qeyd edək ki, illik məruzə Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi