Yuxarı

​Azərbaycanda aztəminatlı ailələrə, əlillərə, müharibə veteranlarına yeni güzəştlər ediləcək

Mədəni sərvətlərdən istifadə öz tarixi və bədii təyinatına uyğun həyata keçirilməlidir

Bakı. 28 avqust. REPORT.AZ/ Nazirlər Kabineti “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nı təsdiq edib.

"Report"un məlumatına görə, bu qayda Azərbaycanda aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən mədəni sərvətlərdən güzəştli istifadə edilməsi ilə bağlı məsələləri tənzimləyir.

Mədəni sərvətlərdən güzəştli istifadə dövlət və bələdiyyə mülkiyyətində, həmçinin qarşılıqlı razılaşma əsasında xüsusi mülkiyyətdə olan mədəniyyət müəssisələrində qorunan və ya nümayiş etdirilən mədəni sərvətlərdən aztəminatlı ailələrin üzvlərinin, əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, müharibə veteranlarının Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı tələb olunmadan qeyri-kommersiya məqsədləri üçün ödənişsiz faydalanmasını nəzərdə tutur və bu qaydaya uyğun həyata keçirilir.

Həmin şəxslər mədəni sərvətlərdən güzəştli istifadə üçün mədəni sərvətlərin qorunmasını və ya nümayişini həyata keçirən dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisəsinin rəhbərinə ərizə ilə müraciət etməlidirlər. 

Xüsusi mülkiyyətdə olan mədəniyyət müəssisələrində qorunan və nümayiş etdirilən mədəni sərvətlərdən güzəştli istifadə üçün mülkiyyətçinin razılığı əsasında həmin müəssisənin rəhbərinə müraciət olunmalıdır. 

Ərizəyə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzində yaradılmış komissiya tərəfindən ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə qərarın surəti, tibbi-sosial ekspert komissiyası tərəfindən verilmiş arayışın surəti, hərbi bilet və ya müharibə veteranı vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin surəti əlavə edilməlidir.

Qaydaya görə, dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisələrindəki mədəni sərvətlərin istifadəsi öz tarixi və bədii təyinatına uyğun həyata keçirilməlidir.

Mədəni sərvətlərin tarixi və bədii təyinatı ilə bir araya sığmayan tərzdə istifadə edilməsinə və mülkiyyətçisinin və ya istifadəçisinin razılığı olmadan mədəni sərvətlərin surətinin çıxarılması (hazırlanması), habelə onlardan turizm, ekskursiya və reklam məqsədi ilə istifadə edilməsinə yol verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi