Yuxarı

​MSK-ya illik maliyyə hesabatı təqdim etməyən partiyaların adları açıqlanıb

MSK-ya 2015-ci il üzrə illik maliyyə hesabat təqdim etməyən partiyalardan üçü 2014-cü il üzrə də maliyyə hesabatlarını təqdim etməyiblər

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanda dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 4-ü Mərkəzi Seçki Komissiyasına (MSK) 2015-ci il üzrə maliyyə hesabatı təqdim etməyib.

Bu barədə "Report"a MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib.

O bildirib ki, hesabat təqdim etməyən partiyalar Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası və Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasıdır.

N.Məmmədovun sözlərinə görə, həmin partiyaların hesabat verməmələrinin səbəbləri öyrənilir: "Çalışacağıq ki, həmin partiyalar illik maliyyə hesabatlarını təqdim etsinlər. Bu, mümkün olmayacaqsa, Mərkəzi Seçki Komissiyası qanunvericilikdə nəzərdə tutulan addımları atacaq".

Xatırladaq ki, MSK-ya 2015-ci il üzrə illik maliyyə hesabatı təqdim etməyən partiyalardan üçü - Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası və Azərbaycan Vətənpərvərlər Partiyası 2014-cü il üzrə də maliyyə hesabatlarını təqdim etməyiblər.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi