Yuxarı

​MSK daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurub

Seçicilərin 48,35 faizini kişilər, 51,65 faizini isə qadınlar təşkil edir

Bakı. 26 may. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurub.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, MSK-nın üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə MSK-nın inzibati binasında siyahıların tərtib edilməsi, çap olunması, təkmilləşdirilmiş proqram təminatları və seçici siyahılarının çevik ictimailəşdirilməsi üçün mövcud imkanlar, eləcə də siyahıların saxlanması şəraiti ilə tanışlıq olub və tədbirə qatılanlar üçün xüsusi təqdimatla prosesin bütün mərhələlərinin geniş izahı verilib.

"Otuz mindən artıq aşağı seçki komissiyası üzvünün cəlb olunduğu bu əhatəli və irimiqyaslı poses Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin aidiyyəti orqanları, yerli icra hakimiyyətləri və bələdiyyə qurumları ilə sıx və intensiv əməkdaşlıq şəraitində reallaşdırılıb. Siyahıların dəqiqləşdirilməsində Azərbaycan seçicilərinin də maraqlı olması və aktiv iştirakı, həmçinin Mərkəzi Seçki Komissiyasının 115 nömrəli "Qaynar xətt"i və internet səhifəsindəki on-line xidmət aparılan işin səmərəliliyini daha da artırıb. Xüsusilə vurğulamaq lazımdır ki, dəqiqləşdirmənin effektiv həyata keçirilməsi, siyahıların müasir beynəlxalq standartlara uyğun tərtib və çap olunması üçün bütün proses boyunca informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən geniş istifadə olunub və bu məqsədlə zəruri proqram təminatları, həmçinin digər texniki imkanlar təkmilləşdirilib", - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, Mərkəzi Seçki Komissiyasını fiber-optik xətlər üzərindən 125 seçki dairəsinin dairə seçki komissiyası ilə əlaqələndirən lokal şəbəkənin yaratdığı çevik, interaktiv və təhlükəsiz informasiya mübadiləsi, habelə müasir texnologiyanın verdiyi imkanlar seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin səmərəliliyini artırıb, seçicilərlə bağlı məlumatların keyfiyyətli təhlilini təmin edib və nəticədə siyahılar seçicilərin səsvermə hüquqlarının təmin edilməsi üçün real məlumatların əks olunduğu dəqiq bazaya çevrilib. Həmçinin qeyd edilib ki, seçici siyahılarının daha da təkmilləşdirilməsi istiqamətində fəaliyyət fasiləsiz davam etdiriləcək.

Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib və ölkə üzrə vahid seçiclər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına dair məsələyə baxılıb.

Müzakirələrdən sonra Mərkəzi Seçki Komissiyası 2016-cı ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi işini başa çatdırılmasına, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilməsinə, həmçinin respublika üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib olunub Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilməsinə dair qərar verib.

Qeyd edək ki, 2016-cı il may ayının 26-sına olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısına 5 127 111 seçici daxil edilib. Onların da təqribən 48,35 faizini kişilər, 51,65 faizini isə qadınlar təşkil edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi