Yuxarı

​MSK-da seçici siyahılarının təqdimatı olub

Seçici siyahıları bir daha dürüstləşdirilib

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasında (MSK) 2015-ci il üzrə tərtib olunan seçici siyahlarının təqdimatı keçirilib.

“Report”un məlumatına görə, MSK Katibliyi İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib ki, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib: "Dairə seçki komissiyaları isə seçki dairələri üzrə yenidən tərtib edilmiş seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil veriblər. Mərkəzi Seçki Komissiyası tərəfindən seçici siyahıları bir daha dürüstləşdirilib və artıq bu irimiqyaslı prosesə yekun vurulub".

O bildirib ki, 125 seçki dairəsinin komissiyalarını birləşdirən yeni yaradılmış lokal şəbəkənin yaratdığı sürətli və təhlükəsiz informasiya mübadiləsi seçici siyahılarının ümumiləşdirilməsi prosesi intensivləşdirilib və seçici məlumatlarının keyfiyyətli təhlili təmin edilib: “Lokal şəbəkə üzərindən qurulmuş videokonfrans sistemi vasitəsilə dəqiqləşmə prosesi zamanı ortaya çıxan suallar online rejimdə operativ şəkildə dairə seçki komissiyaları ilə müzakirə edilib və müvafiq addımlar atılıb”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi