Miqrasiya Məcəlləsində dəyişikliklər təsdiqlənib

Miqrasiya Məcəlləsində dəyişikliklər təsdiqlənib Prezident İlham Əliyev "Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb
Daxili siyasət
19 İyun , 2015 19:53
Miqrasiya Məcəlləsində dəyişikliklər təsdiqlənib

Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamla Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Prezidenti aktlarının “Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Pezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat verməli, həmçinin həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir. 

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797; 2014, № 11, maddələr 1351, 1357, № 12, maddə 1539; 2015, № 3, maddə 259) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 10.1-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.”.

1.2. 38.7-ci maddədə “Turistlər üçün elektron viza almaq hüququ olan” sözləri “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün” sözləri ilə əvəz edilsin.

1.3. 45.0.4-cü və 46.1.7-ci maddələrdə “müdafiə” sözü “hərbi” sözü ilə əvəz edilsin.

1.4. 79.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilməklə aşağıdakı məzmunda 79.1.4-cü maddə əlavə edilsin:

“79.1.4. qaçqın statusu verilməsindən imtina edildikdə.”.

1.5. 79.5.2-ci maddəyə “ləğv edilmiş” sözlərindən sonra “, habelə qaçqın statusu verilməsindən imtina edilmiş” sözləri əlavə edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

2.1. Bu qanunun 1.1-ci maddəsi 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

2.2. Bu qanunun digər müddəaları dərc edildiyi gündən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi