2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna (bundan sonra – ali təhsil müəssisəsi) və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 (beş yüz) manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 (üç yüz) manat məbləğində birdəfəlik ödəmə təsis edilib.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı imzaladığı Fərmanda qeyd olunub.
Həmçinin, 2024–2025-ci tədris ilindən başlayaraq bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan təhsil müəssisələrində təhsil alan kursantlar üçün təhsil müddətində aşağıdakı aylıq ödəmələr təsis edilir:
- ali təhsil müəssisəsi üzrə:
- 150 (yüz əlli) manat məbləğində təqaüd;
- 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə maddi yardım;
- 200 (iki yüz) manat məbləğində hesabda yığılan ödəniş;
- hərbi kolleclər üzrə:
- 100 (yüz) manat məbləğində təqaüd;
-. 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə maddi yardım;
- 150 (yüz əlli) manat məbləğində hesabda yığılan ödəniş;
- hərbi liseylər üzrə:
- 50 (əlli) manat məbləğində təqaüd;
- 100 (yüz) manat məbləğində ailə üzvlərinə maddi yardım;
- 100 (yüz) manat məbləğində hesabda yığılan ödəniş.