Yuxarı

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı açıqlanıb

Sessiya dövründə ümumilikdə 19 qanun layihəsinə baxılması nəzərdə tutulub

Bakı. 30 yanvar. REPORT.AZ/ Milli Məclisin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planı açıqlanıb.

"Report" xəbər verir ki, fevralın 1-də başlayıb mayın 31-dək davam edəcək sessiya dövründə ümumilikdə 19 qanun layihəsi müzakirəyə çıxarılacaq.

Sessiya müddətində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin tədqim edəcəyi "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında" Konstitusiya qanununun layihəsinə və "İctimai nəzarət haqqında" qanun layihəsinə baxılacaq.

Sessiyada Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin hazırladığı "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Daxili qoşunların statusu haqqında", İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən irəli sürülən "Hesablama Palatası haqqında", "Lisenziyalar və icazələr haqqında", "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq.

Bundan başqa, yaz sessiyasının qanunvericilik işləri planına Aqrar siyasət komitəsinin təqdim edəcəyi "Kənd təsərrüfatı kooperasiyası haqqında", Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin hazırladığı "Ətraf mühitə təsirinin qiymətləndirilməsi haqqında", Elm və təhsil komitəsinin irəli sürəcəyi "Elm haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanun layihələrinin müzakirəsi daxil edilib. 

Parlamentin yaz sessiyasında Mədəniyyə komitəsinin hazırladığı "Kinomotoqrafiya haqqında", Səhiyyə komitəsinin təqdim edəcəyi "Reproduktiv sağlamlığın qorunması haqqında" və "Psixoloji yardım haqqında", Ailə, qadın və uşaq məsələləri komitəsinin hazırladığı "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında", Gənclər və idman komitəsinin üzərində işlədiyi "İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə haqqında" qanun layihələrinin müzakirəyə çıxarılması nəzərdə tutulub.

Milli Məclisin yaz sessiyasında həmçinin, Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbsü qaydasında təqdim edəcəkləri qanun layihələrinə baxılacaq. 

Sessiya dövründə bir sıra qanunlara dəyişikliklər və əlavələr edilməsi də planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi