Yuxarı
    Bağlamaq

    Milli Məclisin deputatı: "Venesiya Komissiyasının mövqeyi Azərbaycan üçün diktə deyil"

    Komissiyasının referendumla bağlı rəyi ümumi prosesə təsiri ola bilməz

    Bakı. 21 sentyabr. REPORT.AZ/ "Venesiya Komissiyasının Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendumla bağlı neqativ rəy verməyi təəssüfedicidir".

    Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib.

    Deputat bildirib ki, bu, xalqın istəyi ilə olan səsvermədir.

    M.İbrahimqızı xatırladıb ki, Konstitusiya Məhkəməsinə Referendum Aktı layihəsini Prezident İlham Əliyev təqdim edib: "Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçən təşəbbüs qrupları bu ideyanı dəstəkləyiblər. Ümumilikdə, xalq da ana qanunumuz olan Konstitusiyada dəyişikliklər edilməsini dəstəkləyir".

    Deputat qeyd edib ki, Venesiya Komissiyasının mövqeyi Azərbaycan üçün diktə deyil: "Bu, imperativ norma ola bilməz. Ona görə də biz xalqın istəyi ilə olan referendumu keçirəcəyik. Azərbaycan belə şeylərə əhəmiyyət verməməlidir. Prezident İlham Əliyevin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşdə Avropa Parlamenti ilə bağlı dediklərini Venesiya Komissiyasına da aid etmək olar".

    M.İbrahimqızı vurğulayıb ki, Venesiya Komissiyasının rəyi ümumi prosesə təsiri ola bilməz: "Bu günə qədər verdiklər rəylər ürəkaçanmı olub? Onlar hər zaman ikili standartlardan çıxış edərək ermənipərəst mövqe sərgiləyiblər. Artıq xalq belə ikili standartlara alışıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi