Milli Məclisdə ipoteka kreditlərinin artırılması məsələsi yenidən gündəmə gəlib

Milli Məclisdə ipoteka kreditlərinin artırılması məsələsi yenidən gündəmə gəlib Ombudsmanın 2014-cü il üzrə illik məruzəsinin müzakirəsi başlayıb
Daxili siyasət
6 Mart , 2015 12:51
Milli Məclisdə ipoteka kreditlərinin artırılması məsələsi yenidən gündəmə gəlib

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2014-cü il üzrə illik məruzəsinin müzakirəsi başlayıb. “Report” xəbər verir ki, müzakirələrdə iştirak edən deputat Əli Məsimli məruzəni məqbul hesab edib: “Təkliflər hissəsi xüsusi vurğulanmalıdır. Vətən uğrunda canından keçən insanların ailələrinə sığorta pulunun verilməsi ilə bağlı təkliflər səsləndirilib. Əlaqədar təşkilatlar bu işi vaxtında görmədiklərindən, bütün iş yenə də Milli Məclisin üzərinə düşüb. Ona görə də bir çox piketlər məhz parlamentin qarşısında keçirilir. Digər təklif isə bankların ödənişlərin vaxtından əvvəl yerinə yetirilməsi ilə bağlıdır. Onu qeyd edim ki, hazırda vaxtından əvvəl ödənişlər yox, dollarla borcun geri ödənilməsi problem yaradan məsələlərdəndir. Yenə də əlaqədar qurumlar bunu uzadıb işi sonda parlamentin üzərinə atacaq. Ona görə də indidən onlara səslənib deyirəm ki, hər kəs öz funksiyasını vaxtında yerinə yetirsin. Necə ki, parlament bunu edir. Çünki Mülki Məcəllədə hesablamaların manatla olmasını özündə əks etdirən müddəa yer alır”.

Ə.Məsimli onu da qeyd edib ki, hesabatda ipoteka kreditləri ilə bağlı səsləndirilən təkliflər günün əsas mövzusudur: “Mən də təklif edirəm ki, ipoteka kreditlərinin miqdarı 50 mindən 70 min manata çatdırılsın ki, gənc ailələr heç olmasa ikiotaqlı ev ala bilsinlər”.

Deputat Musa Quliyev çıxışı zamanı deyib ki, illik məruzə ildən-ilə daha da təkmilləşdirilərək hazırlanır: “Məruzə mükəmməl və geniş hazırlanıb. Azərbaycanda insan hüquqlarının qorunması sahəsində görülən işlər günü-gündən artır. Bir sözlə, mən də hesabatı məqbul hesab edirəm”.

Deputat Zahid Oruc da digər həmkarları kimi hesabata səs verəcəyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi