Yuxarı
    Bağlamaq

    Milli Məclis sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması barədə qanun layihəsini qəbul edib

    Layihə səsverməyə çıxarılaraq qəbul olunub

    Bakı. 20 oktyabr. REPORT.AZ/ Milli Məclisin plenar iclasında Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. "Report" xəbər verir ki, layihə barədə parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. 

    O bildirib ki, layihə 3 maddədən ibarətdir: "Yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulur. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər".

    Layihədə qeyd olunur ki, həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

    Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi